“Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin mayın 27-də Azərbaycana səfəri strateji və çoxşaxəli əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır. Pakistan və Azərbaycan uzun illərdir qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər, hər iki ölkə bir-birini beynəlxalq platformalarda dəstəkləyir. Bu səfər çərçivəsində iqtisadi, enerji, müdafiə və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Tural İsmayılov səsləndirib.
“Hindistanla gərginlik şəraitində Pakistan üçün Azərbaycanın siyasi dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Pakistanın mövqeyini açıq şəkildə dəstəkləyir. Pakistan da Azərbaycanın haqlı mövqeyini hər zaman müdafiə edir. Bu qarşılıqlı dəstək regionda strateji balansın qorunmasına xidmət göstərir. Səfərin pərdəarxasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, regional təhlükəsizlik məsələlərinin müzakirəsi və qarşılıqlı investisiya imkanlarının araşdırılması dayanır. Pakistan Azərbaycanın enerji resurslarından faydalanmaq və yeni layihələrdə iştirak etmək niyyətindədir. Bu isə iqtisadi baxımdan önəmlidir. Eyni zamanda, iki ölkənin hərbi sahədə əməkdaşlığı Hindistanla qarşıdurmada Pakistanın müdafiə potensialını artırmaq üçün vacibdir”.
Politoloqun sözlərinə görə, diplomatik baxımdan, səfər Pakistanın regional müttəfiqlərini möhkəmləndirmək və Hindistanla münaqişədə öz mövqeyini daha da gücləndirmək strategiyasının tərkib hissəsidir. Azərbaycan da bu səfərlə Pakistanla əlaqələrini yeni səviyyəyə qaldırmaq, həmçinin beynəlxalq arenada birgə mövqelərini daha da kordinasiya etmək istəyir. Beləliklə, Şahbaz Şərifin Azərbaycana səfəri Hindistanla münaqişə şəraitində Pakistanın strateji tərəfdaşlarını möhkəmləndirməsi, iqtisadi və müdafiə sahəsində əməkdaşlığı genişləndirməsi və regional diplomatik dəstəyini artırması baxımından mühüm addımdır. Bu səfər Azərbaycan-Pakistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Müşviq Tofiqoğlu
KONKRET.az