İranın ali dini lideri Əli Xomeneinin ən yaxın adamlarından biri, Tehranın siyasi elitasında “Boz kardinal” kimi tanınan Əli Şamxaninin taleyi ilə bağlı yayılan ziddiyyətli xəbərlər həqiqəti əks etdirmir.
KONKRET.az xəbər verir ki, İranın dövlət mediası onun ölümü ilə bağlı xəbərləri təkzib edib.
Bundan əvvəl müxalifət və xarici mənbələr, o cümlədən İran İnternational təşkilatı Şamxaninin İsrailin əməliyyatının ilk hədəflərindən biri olduğunu və onun iqamətgahına endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb. İranın “Noor News” nəşri də onun ağır yaralandığını yazıb. Daha sonra yerli media hətta onun ölümünü təsdiqləyib.
Lakin ISNA bildirib ki, Şamxanini izləyən tibb qrupunun rəhbəri bu xəbərləri təkzib edib. Onun sözlərinə görə, Ali Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri xəstəxanaya yerləşdirildiyi vaxtdan səhhəti stabil vəziyyətdədir.
Şamxani həddən artıq simvolik fiqurdur. Əli Şamxani İslam Respublikasının iyerarxiyasının ən nüfuzlu simalarından biridir. O, keçmişdə İran Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsində çalışıb, müdafiə naziri olub, Silahlı Qüvvələrin Strateji Araşdırmalar Mərkəzinə rəhbərlik edib, eyni zamanda uzun müddət Ali Milli Təhlükəsizlik Şurasının katibi olub. Şamxani Səudiyyə Ərəbistanı ilə 2023-cü ildə Pekində keçirilən normallaşma danışıqlarında da iştirak edib.
İranda o, təkcə Ayətullah Xomeneinin nüfuzlu müşaviri deyil, həm də regional siyasət və müdafiə sahəsində əsas fiqur hesab olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az