Rusiyanın Sankt-Peterburq şəhəri MDB-nin mədəniyyət paytaxtı elan edilib.
KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburqun mədəniyyət komitəsinin sədri Stanislav Moldovanov məlumat verib.
Məlumata görə, təqdimat mərasimi dekabrın 12-də Daşkənddə keçirilən MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində keçirilib.
Komitə sədrinin sözlərinə görə, Rusiyanın mədəniyyət paytaxtı olan Sankt-Peterburq üçün 2023-cü ildə bütün MDB-nin mədəniyyət paytaxtına çevrilməsi sevindirici hadisədir.
Qeyd edək ki, hər il Birliyin şəhərlərindən birinə MDB-nin mədəniyyət paytaxtı fəxri statusu verilir. Belə ki, 2010-cu ildən etibarən təşkil olunan mərasimdə növbəti paytaxt MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurası tərəfindən təsdiq edilir.
Proqram MDB-yə üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun yardımı ilə həyata keçirilir.
2022-ci ildə bu statusa Qırğızıstanın Karakol şəhəri layiq görülüb.