Paytaxtda vətəndaşlara qarşı rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gəlməkdə və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirləndirilən Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.
KONKRET.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Qönçə Məmmədova dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb.
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişlərin heç birinə hədə-qorxu gəlməyib:
“Evdar xanımam, amma təsərrüfat sahəm olub. 70 hindtoyuğu, 5 baş iri buynuzlu və 10 baş xırdabuynuzlu heyvanım var. Faizə pul verirdim. O pulu isə tanıdığım adamlara vermişəm. Bir şəxs vasitəsilə zərərçəkmiş Fəridə Fərzəliyevaya faizə pul vermişəm. Mən, ümumiyyətlə, pulları 8 və ya 10 faizlə sələmə verirdim. Dövriyyədə 92 min 600 manat pulum var. Digər zərərçəkmiş Gülayə Quliyevanın ona verdiyim pulları qaytarmaq fikri yox idi. Ona görə onun adını bloqer Qabilə verdim.
Qabilin baldızının qayınatası ilə bir xəstəxanada yatmışam, münasibət yaranıb. Amma onu “TikTok”dan da tanıyırdım. Qabilin bacısından yoldaşının nömrəsini götürdüm, daha sonra yoldaşına dedim ki, Qabillə məni calaşdırsın. Qabilə yazdım ki, filankəslər mənim pullarımı vermirlər və o bu məsələni ictimailəşdirsin.
Gülayəni isə Lalə xanımın sayəsində tanımışam. Onun şəkillərini “Facebook”dan götürmüşəm. Mən heç bir zərərçəkmiş şəxsdən pul qarşılığında qızıl almamışam. Bank fəaliyyəti ilə də məşğul olmamışam. Pullarımın qaytarılmaması üçün Baş Prokurorluğa, Abşeron Rayon Polis idarəsinə və Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etmişəm. Qabil Məmmədovun mənim borc pullarımı qaytarması üçün heç bir rolu olmadı. Evimdən 50 min dollar çıxıb. Onlar da şəxsi pullarımdır”.
Məhkəmənin növbəti iclası fevralın 26-na təyin olunub.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Qönçə Məmmədova daha çox qanunsuz gəlir əldə etmək məqsədilə 13 nəfər şəxsə sələmə pul verib.
Belə ki, Fatimə Əhmədovaya 22 100 manat məbləğində pulu kredit kimi verməklə qarşılığında həmin məbləğin faizi qismində 1 500 manat, Namik Həsənova 8 000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 600 manat, Kəmalə Əkbərovaya 6 000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 11 575 manat, Gülaya Quliyevaya 28 500 manat məbləğində pulu verməklə həmin məbləğin faizi qismində 28 500 manat, Soltan Qasımova 7 000 manat məbləğində pulu verməklə qarşılığında həmin məbləğin faizi qismində 1 760 manat, Çiçək Cəfərovaya 4 000 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 410 manat, Rəna Bədəlliyə 3 000 manat məbləğində pulu verməklə qarşılığında 800 manat, Tahirə Məmmədovaya 700 manat məbləğində pulu verməklə qarşılığında faizi qismində 140 manat, Samir Qəribova 4 500 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 810 manat, Fəridə Fərzəliyevaya 8 000 manat məbləğində pulu verməklə qarşılığında faiz olaraq 5 300 manat, Tamilla Ağayevaya 420 manat məbləğində pulun qarşılığında faiz qismində 50 manat, Cəmilə Cəfərovaya 340 manat məbləğində pulu verməklə qarşılığında faiz qismində 210 manat, Bahtıgül Məmmədovaya 200 manat məbləğində pulu verməklə qarşılığında 20 manat faiz olmaqla cəmi 13 nəfər şəxsə 92 760 manat məbləğində pulu kredit kimi verməklə həmin pul vəsaitinin, əlavə faizlər qismində ümumilikdə 51 675 manat məbləğində pulu gəlir kimi Bakı şəhəri və Abşeron rayonunun ərazisində əldə etməklə qanunsuz sahibkarlıqla məşğul olub.
İttiham aktında o da qeyd olunub ki, bundan başqa, Qönçə Məmmədova sələmə pul verdiyi Gülayə Quliyevadan əlavə əmlak əldə etmək məqsədilə guya qohumu kimi təqdim etdiyi bloqer Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda onun haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyib. Lakin şifahi hədələrlə Gülayə Quliyevadan pul ala bilmədiyini görüb onun qohumluq münasibətlərində olduğu G.Kazımova, M.Qənizadə və D.Qəniyevin “Instagram” və “Facebook” sosial şəbəkələrindəki şəxsi hesablarında olan fotoşəkilləri, habelə onların şəxsi həyatı və guya müxtəlif cinayətləri törətmələrinə dair məlumatları tanışı Lalə Sultanova vasitəsilə əldə edərək “WhatsApp”la Qabil Məmmədova göndərib.
Qabil Məmmədov da öz növbəsində “YouTube” internet platformasında təsis etdiyi “Haqsızlığa susma” adlı internet kanalında Gülaya Quliyeva və onun qohumluq münasibətlərində olduğu şəxslər haqqında rüsvayedici məlumatların yayılmasını təşkil edib.
Bundan əlavə, o, təkrarən sələmçilik fəaliyyətini həyata keçirməklə Fəridə Fərzəliyevadan əlavə əmlak əldə etmək məqsədilə eyni üsulla Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda mütəmadi çıxışlar edib, onun haqqında rüsvayedici məlumatları yayıb. Hətta Qabil Məmmədovun adamları vasitəsilə onu oğurladacağı hədəsi ilə borcunun olmadığını dəqiq bildiyi halda əsassız olaraq əlavə 4 500 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.
Qönçə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə – təkrarən törədildikdə), 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 192.1 (qanunsuz sahibkarlıq – dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.