Qırğızıstanda kişiləri saqqala, qadınları isə niqab taxmağa və çadra geyiminə görə cərimə nəzərdə tutan qanun layihəsi hazırlanıb. Qanun müəllifi hesab edir ki, belə tədbirlər küçə kameralarının insanların üzünü tanıması üçün lazımdır.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu, qırğızlar tərəfindən mənfi hal kimi qarşılanıb.
Məsələn, Bişkek sakini 35 yaşlı fəal İlaxunov Dolkunjan deyir ki, “Üzümü gizlətməmək üçün deyil, gözəl, dəbli, müasir olduğuna görə saqqal saxlayıram. Mən artıq özümü saqqalsız təsəvvür edə bilmirəm. Son 15 ildir ki, bu imicdəyəm. Cərimə etsələr belə, saqqalımı qırxmaq fikrim yoxdur. Belə olsa, maska taxıb üzümün yarısını gizlədəcəyəm”.
Qanun layihəsinin təşəbbüskarı deputat Şarapatkan Majitovadır. O hesab edir ki, tam saqqal onun daşıyıcısını müəyyən etməyi çətinləşdirir. Majitova kişiləri ictimai yerlərdə qalın üz tükləri ilə, qadınları isə niqab geyindikdə cərimələməyi təklif edir. Majitova ilk dəfədir ki, belə vətəndaşların 22 ABŞ dolları məbləğində cəzalandırılmasını təklif edir. Layihəyə görə, ikinci dəfə cərimə ikiqat artaraq 44 dollar təşkil edəcək.
“Qonşu Özbəkistanda ictimai yerlərdə niqab geyinməyi qadağan edən qanun qəbul edildi. Bizə də belə qanun lazımdır. Hamı qara geyinir, üzü örtülüdür. Mən çadranın əleyhinə deyiləm, amma üz örtülməsi şəxsiyyətin müəyyən edilməsini çətinləşdirir ki, bu da dövlət səviyyəsində təhlükəli hal kimi dəyərləndirilir”, – deyə Şarapatkan Majitova qeyd edib.
Niqab və çadra məsələsində cəmiyyətdə hələ də çox mübahisə yaranmayıb, çünki bu geyimlərdə üz görünməz halda olur. Amma saqqal məsələsində mübahisələr çoxalıb. Hansı ölçüdə saqqalın olmasını kim və necə müəyyən edəcək? Qanun layihəsində bununla bağlı aydın parametrlər göstərilmir.
Bişkek sakini İsgəndər Niyazəliyev özünü dindar müsəlman hesab edir, beş vaxt namaz qılır, müqəddəs Ramazan ayında oruc tutur. “Görünüşümə gəlincə, bu, peyğəmbərin sünnətidir. Yəni saqqal və uzun saç. Təəssüf ki, bizim insanlarımızın cahil olması məni çox təəccübləndirir”, – İsgəndər Niyazəliyev fikrini davam edir.
Həm Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi, həm də Dini İşlər üzrə Dövlət Komissiyası Majitovanın qanun layihəsinə qarşı çıxıb. Dövlət qurumu bəyan edib ki, ölkədə vətəndaşların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı heç bir problem yoxdur.
Çox düz qərardır, dindar olmayanların çoxu lap Əntər meymunun saqqalından saxlayırlar. Dindarların səliqəli, sünnəti saqqal saxlaması qəbuledıləndir