Regiondakı geosiyasi vəziyyətin yaratdığı reallığı qəbul etməyən ermənilərin səs-küylü bəyanatları bir qədər də çoxalıb. Brüssel görüşündən sonra fəallaşan erməni siyasi ekspertlər öz formatlarına sadiq qalaraq Azərbaycan əleyhinə təbliğat kampaniyasını davam etdirirlər.
Ermənilərin ənənvi vay-şüvəninə onların xaricdəki havadarları da qoşulub. Əsas dəstəyi Rusiyadan alan Ermənistanın təbliğat maşınının aparıcı simaları da həmişəki kimi eyni adamlardır. Rusiyanın müxtəlif qurumlarını təmsil edən həmin şəxslər arasında politoloq Yevgeni Satanovski də var. Daim ermənipərəst mövqe sərgiləyən və ermənilərin birmənalı şəkildə tərəfini tutan Satanovski öz ampulasını dəyişməyib.
Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə toxunan politoloq Rəcəb Tayyib Ərdoğanın Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyi ilə bağlı bəyanatını şərh edib:
“Sülhməramlıların Qarabağda qalma müddəti var. Əgər Rusiya və Azərbaycan prezidentlərinin qarşılıqlı fəaliyyəti nəticəsində başqa qərar qəbul edilmirsə, qalanları texniki məsələlərdir”.
Şuşa bəyannaməsini xatırladan Satanovski müharibədən sonra böyük dəyişikliklərin baş verdiyini, Türkiyənin Azərbaycanla Şuşa bəyannaməsini imzaladığını narahatlıqla ifadə edib və Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını Rusiya Ermənistan münasibətlərinin ruhuna kölgə saldığını bildirib:
“Bundan sonra İlham Əliyev açıq şəkildə deyir ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul edir, Azərbaycan pasportu alıb Azərbaycan qanunları ilə yaşayır, ya da çıxıb gedirlər. Mənə elə gəlir ki, bu vəziyyətdə erməni xalqının hələ vaxtı var. Qarabağın dinc əhalisini, ilk növbədə qadınları və uşaqları xilas etmək üçün erməni xalqı ayağa qalxmalıdır. Bütün bunlara baxmayaraq, Qarabağda yaşayan ermənilərin gələcəyinə inanmıram”, – deyə Satanovski bildirib.
Əslində təxribat xarakterli çıxışıyla müharibə çağırışları edən rusiyalı politoloqun fikri aydındır. Rusiyanın maraqları çərçivəsində belə çıxışlar da başadüşüləndir. Rusiyanin Cənubi Qafqazda qalması üçün onlara burada silahlı münaqişə lazımdır. Münaqişəsiz regionda Rusiyanın nə işi var?!
Vəli Həsənov,
KONKRET.az