Səfir jurnalistə görə Xarici İşlər Nazirliyinə ÇAĞIRILDIbackend

Səfir jurnalistə görə Xarici İşlər Nazirliyinə ÇAĞIRILDI

Çinin Birləşmiş Krallıqdakı səfiri Çjen Çzequan Şanxayda etiraz aksiyalarını işıqlandırarkən yaralanan BBC müxbiri Ed Lourensə görə Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Evening Standard” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb:

“Çin səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. BBC açıq şəkildə bildirib ki, jurnalistlərdən biri etirazları işıqlandırarkən polis tərəfindən saxlanılıb və döyülüb. Biz Çin hökumətinin bu davranışının tamamilə qəbuledilməz olduğunu bildirdik”.

Qeyd edək ki, həftə sonu Pekin, Şanxay, Nankin, Çunqinq, Uhan və digər Çin şəhərlərində etiraz aksiyaları keçirilib. Kütləvi aksiyaların səbəblərindən biri noyabrın 24-də Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhərində çoxmərtəbəli binada baş verən yanğın olub.

Belə ki, yanğının qurbanlarının karantin səbəbindən mənzillərini tərk edə bilməməsi barədə sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatlar yayılıb.

Etirazçılar Çin hökumətini COVID-19 ilə mübarizə üçün gördüyü sərt tədbirləri tənqid edərək, karantinin aradan qaldırılmasını və normal həyata qayıtmasını tələb edirlər.

BBC-nin məlumatına görə, Lourens Şanxayda küçə etirazlarını işıqlandırarkən bir neçə saat saxlanılıb və polis tərəfindən döyülüb. Britaniyanın xarici işlər naziri Ceyms Kleverli  Lourensin saxlanmasının dərin narahatlıq doğurduğunu deyib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan qeyd edib ki, Çin jurnalistin döyülməsi iddiası ilə bağlı tələsik ifadələrə görə Britaniya hökumətinə kəskin etiraz edir. Onun sözlərinə görə, Çin polisi tamamilə qanuna uyğun hərəkət edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*