KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, 2 il əvvəl həkimlər Səlbiyə böyrək çatışmazlığı diaqnozu qoyub. Bundan sonra o, dialez xəstəsi kimi qeydiyyatda olub və mütəmadi müalicə alıb. Səlbi Cəfərli ötən müddət ərzində paytaxtın müxtəlif klinikalarında müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qohumları saytımıza açıqlamasında Səlbinin səhhətinin qəfildən pisləşdiyini deyiblər. Onların sözlərinə görə, Səlbi ölumundən bir gün əvvəl, mayın 10-da anasından onu atası ilə görusə aparmağı xahiş edib. Anası İradə Cəfərova övladının arzusunu yerinə yetirərək, onu İkinci Fəxri Xiyabanda uyuyan atası, şəhid polkovnik-leytenant Zaur Cəfərovun məzarını ziyarət etməyə aparıb. Həmin gün Səlbi üzünü atasının məzar daşına söykəyərək ətrafdakıların eşidə bilməyəcəyi tonda anlaşılmaz sözlər deyib.
Yaxınlari bildirib ki, mayın 11-də Səlbinin səhhəti qəfildən pisləşib. O, xəstə yatagında bir neçə dəfə atasını istədiyini söyləyib. Sonra isə əlini göyə açaraq, “Ata, əlimdən tut” deyib. Bu hal bir neçə dəfə takrarlanıb.
Qohumları deyir ki, Səlbinin son sözü onun başının üstündə dayanan qohumlarını heyrətə salıb: “Səlbi bir neçə dəfə atasını səsləyəndən sonra otağa dərin sükut çökdü. Bir müddət sonra gözlərini açıb bu sözləri dedi: “Atam gəldi”. Bu, Səlbinin son sözləri oldu”.
Qeyd edək ki, Səlbinin atası Zaur Cəfərov Vətən Müharibəsi şəhididir. Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb. O, 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.
Zaur Cəfərov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.