Səhvən maaşının 330 misli qədər pul aldı – hamısı özündə qaldıbackend

Səhvən maaşının 330 misli qədər pul aldı – Hamısı özündə qaldı

Çilidə bir şirkətin etdiyi ciddi səhv nəticəsində işçi adi maaşından 330 dəfə çox əməkhaqqı alıb. Maraqlısı isə odur ki, məhkəmə qərarına əsasən həmin məbləğ işçidə qalıb.

KONKRET.az Sfera.az-a istinadən bildirir ki, qeyri-adi hadisə Çilinin paytaxtı Santyaqoda baş verib. Latın Amerikasında qida istehsalı və paylanması ilə məşğul olan “Consorcio Industrial de Alimentos” (CIAL) şirkətinin işçisi 2022-ci ilin may ayında hesabına yatırılan maaşı yoxlayarkən böyük sürprizlə üzləşib.

Normalda 500 min Çili pesosu (təxminən 550 dollar) maaş almalı olan işçinin bank hesabına səhvən 165 milyon peso, yəni təxminən 180 min ABŞ dolları köçürülüb.

İşdən çıxıb, əlaqəni kəsdi

İlkin mərhələdə işçi səhv barədə işəgötürənə məlumat verib və vəsaitin geri qaytarılması üçün bankla şəxsən əlaqə saxlayacağına söz verib. Lakin bir neçə gün sonra o, şirkətlə əlaqəni tamamilə kəsib və işə gəlməyib.

72 saatdan sonra işçinin vəkili rəsmi istefa ərizəsi təqdim edib. Bundan sonra həmin şəxs faktiki olaraq yoxa çıxıb və aldığı pulu geri qaytarmayıb.

CIAL şirkəti hadisəni oğurluq kimi qiymətləndirərək hüquq-mühafizə orqanlarına müraciət edib. Müdafiə tərəfi isə bildirib ki, işçi ödəniş sisteminə müdaxilə etməyib, heç bir saxtakarlıq və manipulyasiya törətməyib. Pul yalnız işəgötürənin səhvi ucbatından köçürülüb.

Santyaqo məhkəməsi bu arqumentləri əsaslı hesab edərək qərara gəlib ki, səhvən ödənilən maaş oğurluq sayılmır. Hadisə Çili qanunvericiliyinə əsasən cinayət məsuliyyəti daşımayan “icazəsiz mənimsəmə” kimi qiymətləndirilib.

Təxminən üç il davam edən hüquqi prosesdən sonra, 2025-ci ilin sentyabrında məhkəmə işçinin xeyrinə qərar çıxarıb. Hakimlər onun niyyətində cinayət tərkibi, təzyiq və ya maliyyə sistemlərinə müdaxilə ilə bağlı hər hansı sübutun olmadığını vurğulayıb. Nəticədə bütün ittihamlar ləğv edilib və 180 min dollara yaxın vəsaitin işçidə qalmasına icazə verilib.

Əgər günahı sübuta yetirilsəydi, onu 540 günədək həbs cəzası və maddi təzminat gözləyə bilərdi.

Buna baxmayaraq, CIAL şirkəti mübarizəni davam etdirmək niyyətindədir. Şirkət rəhbərliyi səhvən ödənilən məbləğin geri alınması üçün mülki iddia qaldırmaq və qərarın yenidən nəzərdən keçirilməsini tələb etmək istədiyini açıqlayıb.

Hazırda isə keçmiş işçi həyatını dəyişdirən bu gözlənilməz sərvətin sahibi olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*