Şəmkirdə doğuş zamanı ana ölümü – TƏFƏRRÜATLAR – FOTOLAR/VİDEObackend

Şəmkirdə doğuş zamanı ana ölümü – TƏFƏRRÜATLAR - FOTOLAR/VİDEO

Son illər doğuş zamanı ana və uşaq ölümü hallarının artması ilə bağlı informasiyalara tez-tez rast gəlirik. Belə halların isə əsasən həkim səhlənkarlığı ucbatından baş verməsi deyilir. KONKRET.az-ın redaksiyasına eyni motivlə bağlı müraciət edən Şəmkir rayon Qaracəmirli kənd sakini Sübhan Sürətəli oğlu İbrahimov da doğuş zamanı həyat yoldaşı Nuridə Nəsib qızı İbrahimovanın həyatını itirməsi faktı ilə bağlı mama-ginekoloq Həqiqət Əliyevanı ittiham edir:

– Həyat yoldaşım – 19.11.1983-cü il təvəllüdlü Nuridə İbrahimova 10 mart 2019-cu il tarixdə Şəmkir rayon Çinarlı qəsəbə xəstəxanasının doğum şöbəsində həkim Həqiqət Əliyevanın məsuliyyətsizliyi ucbatından ölmüşdür. Bildirirəm ki, üçüncü dəfə uşaq dünyaya gətirən və əvvəlki doğuşları normal keçən yoldaşım məhz bu həkimin hərisliyi üzündən həyatını itirib. H.Əliyeva yoldaşımın doğuş tarixi mart ayının ikinci ongünlüyünə təyin edildiyi halda, onu martın 10-da müayinə adıyla xəstəxanaya çağırtdıraraq, ona doğuşu tezləşdirən iynə vurub və məcbur doğuş həyata keçirərək ölümünə səbəb olub.

Şikayətçi bildirir ki, Həqiqət Əliyeva pul almaq xatirinə belə bir qanunsuz addım atıb:

– Həyat yoldaşımı anam və qayınanamla birlikdə xəstəxanaya müayinə adıyla aparıb evə dönmüşdüm. Təxminən bir saatdan sonra anam mənə zəng vurub dedi ki, qızım dünyaya gəlib. Mən buna təəccübləndim. Dedim axı hələ doğuşun vaxtına bir neçə gün vardı. Anam isə dedi ki, artıq uşaq doğulub və həkimə buna görə 200 manat pul veriblər. Üstündən iki saat keçəndən sonra isə yoldaşım dünyasını dəyişdi. Mən yoldaşımın ölümündə həkim Həqiqət Əliyevanı birbaşa ittiham edirəm. O, bizdən pul almaqdan ötrü iynə vurmaqla vaxtından əvvəl doğuş həyata keçirmiş, nəticədə yoldaşım daxili xəsarət alaraq ölmüşdür. Onu da deyim ki, həyat yoldaşım bütün hamiləlikləri dövründə, o cümlədən, üçüncü hamiləliyində də Şəmkir rayon Qaracəmirli həkim məntəqəsində mama Günəş Əmirovanın nəzarətində olmuş və doğuşa tam sağlam vəziyyətdə girmişdir. Buna baxmayaraq, məlum faktla bağlı açılan cinayət işində mərhumun beşinci hamiləliyi olduğu üçün qanaxmalar üzrə risk qrupuna daxil edilmədiyi, xəstəyə müvafiq nəzarət planının tərtib olunmadığı, tam həcmdə müayinələrin aparılmadığı qeyd edilmişdir. Həyat yoldaşımın ölüm faktı ilə bağlı açılan cinayət işinə isə Şəmkir rayon prokuroru Azər Hətəmov və müstəntiq Aqil Əlizadə tərəfindən obyektiv baxılmayaraq hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyi göstərilərək xitam verilmişdır.

Sübhan İbrahimov bildirir ki, dəfələrlə rayon prokuroru Azər Hətəmova işə obyektiv baxılaraq həkim Həqiqət Əliyevanın layiqli cəzasını alması barədə müraciət etsə də, prokuror buna əhəmiyyət verməmiş, əksinə ona “hara istəyirsən get şikayət elə, axırda yenə mənim üstümə gələcəksən” demişdir.

Məsələ ilə bağlı birinci vitse-prezident Mehriban xanım Əliyevaya və  Baş Prokurorluğa da müraciət etdiyini deyən sikayətçi H.Əliyeva kimi səbatsız həkimin ciddi cəzalandırılmasını tələb edir: “H.Əliyeva əvvəllər Daşkəsən Rayon Xəstəxanasında işləyib və oradan ölüm hadisəsinə görə qovulub. Eşitdiyimə ğörə, onun əlində ümumən dörd qadın dünyasını dəyişib. Biri elə bu yaxınlarda onun tərəfindən abort edilən zaman ölüb. Mən bu cəllad həkimə görə cavan həyat yoldaşımı itirdim və indi üç uşaqla əlacsız qalmışam. Ona görə də istəmirəm ki, bu həris, səbatsız “həkim”in uçbatından analar tələf olsun, uşaqları yetim qalsın”.

Sikayətçi bizimlə söhbətində onu da bildirib ki, həkim Həqiqət Əliyevanı cinayət əməlində ittiham etdiyinə görə onun qardaşları S.İbrahimovu təhdid də ediblər.

Hazırladı: Sevinc PAŞAYEVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*