Sertifikasiyadan keçmədən necə həkim işləyirlər?backend

Sertifikasiyadan keçmədən necə həkim işləyirlər?

Son günlər mətbuatda bəzi həkimlərin sertifikasiyadan keçmədən fəaliyyət göstərməsi ilə bağlı məlumatlar paylaşılır. Bildirilir ki, sertifikasiya müddəti bitsə də, bir sıra həkimlər tibb müəssisələrində, xüsusən, özəl klinikalarda çalışır, xəstə qəbulu həyata keçirir və əməliyyatlar edirlər.

KONKRET.az xəbər verir ki, REAL TV mövzu ilə bağlı süjet hazırlayıb. Videomaterialda qeyd olunur ki, qanunvericiliyə uyğun olaraq, praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan ali və orta ixtisas təhsilinə malik tibb mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. Lakin təəssüf ki, dövlətin qoyduğu tələblərə bəzi həkimlər əməl etmir.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədlinin sözlərinə görə, bu problemlə bağlı davamlı olaraq monitorinqlər aparılır. Belə hallar həmin həkimlərin çalışdıqları müəssisə rəhbərliyi üçün də inzibati xəta doğrurur. Lakin bununla belə hər bir həkim sertifikasiyasız çalışmağın risk olduğunu bilməlidir: “Biz vətəndaşların sağlamlığı ilə bağlı məsuliyyət daşıdığımıza görə, hər bir həkim özlüyündə bilir ki, sertifikatsız çalışmaq risk faktorudur. Bu həmçinin orta tibb işçiləri üçün də keçərlidir. Qaydalara əsasən, xaricdə təhsil almış mütəxəssislərin də ixtisasını təsdiq etmək üçün müvafiq prosedurlardan keçməsi vacibdir. Əks halda, biz kifayət qədər yetərli tibbi təhsili olub-olmadığını müəyyən edə bilmədiyimiz, özünü müxtəlif istiqamətdə mütəxəssis kimi təqdim edən şəxslərlə üz-üzə qala bilərik”.

2015-ci ildən sertifikasiyadankənar fəaliyyət göstəridiyi iddia olunan həkimlərdən biri –  “Məlhəm” Klinikasında çalışan cərrah-oftalmoloq Aytən Sultanovadır. Onun sonuncu dəfə sertifikasiyadan 2015-ci ildə keçdiyi və bu müddətin 2020-ci ildə bitdiyi qeyd olunur. Həkimin sözügedən müddət də daxil olmaqla, müayinə və əməliyyatlar etdiyinə dair videolar sosial hesablarından mütəmadi olaraq paylaşılır.

A.Sultanova televiziyaya açıqlamasında sertifikasiyadan keçmədiyini təsdiqləyib. Lakin həkim bunu hazırda əməliyyat etməməsi, inzibati vəzifə tutması ilə əlaqələndirib: “2017-ci ildən inzibati vəzifədəyəm. Mən çalışdığım klinikada oftalmologiya bölməsinin rəhbəri yox, icraçı direktor müavini gedirəm. Hazırda əməliyyatlar həyata keçirmirəm. Nə vaxt qərara gəlsəm ki, əməliyyatları davam edim, müraciət edib sertifikasiyadan keçəcəyəm”.

Lakin araşdırmalarımızdan belə qənaətə gəlmək olar ki, həkimin sosial şəbəkələrdəki paylaşımlarından sertifikasiya müddətinin bitməsindən sonra praktik fəaliyyətlə məşğul olmadığını söyləməsi həqiqətə uyğun deyil. Məsələn, 2023-cü ildə paylaşılmış bu postlarda həkimin Eksimer lazer əməliyyatı kampaniyalarından bəhs edilir və A.Sultanova həftənin 1-5-ci günləri qəbul günlərinin olduğunu yazır:

Hazırda da bəzi fotolara yazılan şərhlər, o cümlədən bəzi videolar həkimin praktik fəaliyyətlə məşğul olduğunu sübut edir.

Qeyd edək ki, qanunvericiliyə görə, sertifikasiyadan keçməyən həkimlərin praktik tibb və əczaçılıqla məşğul olunması faktı aşkar edilərsə, onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbirləri həyata keçirilməlidir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*