Sevmək bahalaşıb, yoxsa adiləşib? – “Gəl harda olduğumuzu unudaq”backend

Sevmək bahalaşıb, yoxsa adiləşib? - "Gəl harda olduğumuzu unudaq"

– Bilirəm, ömrümüz yaxşı-pislidir. Hava dumanlıykən gözün sislidir. Ürəyin müxtəlif duyğu, hisslidir. Bu qız gah mülayim, gah da hirslidir. Hamımızın öz qayğısı, sıxıntısı var. Belə bir həyatla addımlayırıq. Hərdən zarafatla dərd bağlayırıq. Bəzən bir gülüşlə qəm gizlədirik. Bəlkə ikimiz də çox ağlayırıq. Hər nə, sevgimizi əzizləyirik. Sıxılmayaq, darılmayaq, ayrılmayaq. Gəl harda olduğumuzu unudaq.

– Unutsaq da, bulvardan kirayə qaldığımız evə qayıdacağıq.

– Həyatda kirayə olmayan nə var ki? Ruhu da Tanrıdan icarəyə götürmüş kimiyik. Yoxsa dində cismimizi olduğu kimi, haramsız təhvil vermək buyrulmazdı. Onca haram varkən, al-əlvan eşqimizi kirayə reallığı ilə niyə qaraldaq?

– Niyə maşın almırsan?

Bəli, Azərbaycanda sevilmək “Prius” almaq qədər asandır. Sadəcə, 12-13 min AZN pul xərcləmək 345 manatı aşdığından, buna hamı müyəssər olmur. Lakin hər kəs istəyir. Çünki zövqlər, tələbatlar dəyişib. 90-cı illər olsaydı, bəlkə də elçi düşənin diplomu ilə maraqlanan olardı. Amma başı dolu, cibi boşa xoş baxılmır. Qızların çoxu əvvəlki kimi zahiri görünüşə önəm verir. Sadəcə, normativlər dəyişib. Yəni universitetin ən yaraşıqlı və savadlı oğlan tələbəsi əlində kitablarla dayanacaqda avtobus gözləyirsə, ona ən yaxşı halda qaraçı qızlar yaxınlaşıb pul dilənirlər. Təhsil müəssisəsinin darvazasından çıxan əksər xanım tələbənin diqqətini dərsə girməyib energetik içərək avtomobilinə söykənmiş oğlan çəkir.

Görəsən səbəb nədir?

• Bakıda metro, avtobus, taksi, yəni sərnişindaşıma problemi yoxdur.

Etiraf edək ki, səbəb görməmişlikdir. Di gəl ki, bunu danırlar. Bilirsiniz nə üçün? Çünki Azərbaycan inkişaf etmiş ölkədir və bizdə görməmişlik ola bilməz. Bu ki kasıb ölkələrə xas minusdur. Hər kəsin minik maşınına marağı isə komfort istəyi kimi beyinlərə sırınır. Guya camaatın avtomobil sevdası rahatçılıq sarıdandır. Əslində isə…

• Filmlər;

• Səviyyəsiz verilişlər;

• Sosial şəbəkə trendləri;

• Bayağı #kəşfetlər tirajlandıqca, geniş vüsət aldıqca insanlar zombiləşir.

İndi camaatı maşın təkərilə təkərə salıblar. Qızdı da, fikirləşir ki, “sevgilimin maşını olsa, dəniz kənarında maraqlı TikTok videolar çəkərəm”. Oğlandı da, düşünür ki, “maşınım olsa, şəhərə düşüb qız tutaram, sahildə çay, sonra otel”.

– Sevmək bahalaşıb, yoxsa adiləşib?

Yuxarıda təsvir olunan mənzərədən çıxan cavab bu sualdan tam fərqlidir:

– Sevgi itir, sevmək yadlaşır!

Yəni pulla, maşınla nail olunan bağlılıq məhəbbət deyil. Bununla yanaşı, insanların yaşayış səviyyəsindəki fərq həyatın özünü qiymətdən salır. Sevgi adiləşməyib, sevgi elə həminkidir. İnsanlar adiləşir. Ya da adiləşdirirlər.

14 fevraldakı Valentin gününü çıxsaq, Azərbaycanda 19 ildir ki, “Sevgililər Günü” 30 iyun tarixində qeyd olunur. Bu tarix 20 Yanvar faciəsində şəhid olmuş İlham və Fərizənin toy günüdür. İlham tələbəykən gəmi təmiri zavodunda fəhləlik (tokar) edirdi. Fərizə tibb məktəbinin sonuncu kursundaydı. Nə tank önünə əliyalın çıxan İlhamın “QAZ-24″ü, nə də sevdiyi insansız yaşamayan Fərizənin klinikası vardı. Sadə, kasıb həyat yaşasalar da, bir-birinə indiki oliqarxların yuxusuna belə girməyəcək dəyərdə, bahalı, müqəddəs sevgi bəsləyirdilər.

Bəzi harınlar sosial problemləri dərinləşdirməklə Azərbaycan əhalisində mənəviyyatsızlıq sindromunun yayılmasına çalışırlar. Amma alınmaz. Bu diyarın sakinləri yaranışdan məsumdur, ta qədimdən cəsurdur. Xalq arasında İlham və Fərizələr həmişə olub və yenə doğulacaqlar. Necə ki, II Qarabağ savaşında şəhidliyi ilə yeni İlhamlar yarandı, elə də Fərizələr hönkürdü.

Ən ali varlıq olan insan maşın deyil ki, satın alına, sevgi də hərraca çıxarılacaq ucuzluqda deyil.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*