“Avtomobiliniz sizə əziyyətsiz pul qazandıra bilər”
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, bu barədə “Tesla”nın rəhbəri Elon Mask bildirib.
Onun dediyinə görə yaxın vaxtlarda Tesla sahibləri avtomobillərini sürücüsüz taksi xidmətinə qoşaraq pul qazana biləcəklər.
Belə ki, yeni sistemlə avtomobillər sürücü olmadan özləri hərəkət edəcək, ünvanlara gedəcək, çatdırılmalar edəcək və sahiblərinə gəlir gətirəcək. İlk sınaq sürüşləri 22 iyun tarixində ABŞ-ninn Texas ştatının Ostin şəhərində başlayacaq. Bu, həm də Tesla-nın baş ofisinin yerləşdiyi şəhərdir.
Elon Mask deyib ki, bu texnologiya sayəsində avtomobiliniz siz yatarkən belə işləyəcək və pul qazanacaq. Şirkət artıq uzun müddətdir sürücüsüz avtomobil sistemləri üzərində çalışır və indi bu texnologiyanı real həyatda sınaqdan keçirməyə hazırlaşır.
Mask həmçinin qeyd edib ki, Tesla artıq ucuz elektrikli avtomobil layihələrini bir qədər kənara qoyub və əsas diqqətini sürücüsüz texnologiyalara yönəldib. Məqsəd isə bu texnologiyanı qısa müddətdə şəhər həyatının adi bir hissəsinə çevirməkdir. Bunun üçün isə ciddi testlər və yoxlamalar davam edir.