London İmperial Kollecinin bioloqları hesab edir ki, insan ömrünü 25 faiz artırmaq mümkündür. Alimlər hələ ki, bu təcrübəni siçan üzərində aparıb. Bioloqların əldə etdiyi nəticə sözün əsl mənasında şok effekti yaradıb: Siçanların ömrü 20-25% artıb. Britaniyalı mütəxəssislər əmindirlər ki, insanlar üzərində də bu kimi təcrübələr aparmaqla daha müsbət nəticələr əldə etmək mümkündür.
KONKRET.az xəbər verir ki, Böyük Britaniyanın Tədqiqatlar və İnnovasiyalar Departamentinin məlumatına görə, IL-11 adlı xüsusi zülalın istehsalını bloklamaq onlara bu işdə kömək edib.
Mütəxəssislər bu zülalın orqanizmdə hansı funksiyaları yerinə yetirdiyini araşdırıb və müəyyən ediblər ki, onun bloklanması müxtəlif iltihabların inkişafını məhdudlaşdırmağa kömək edir. Alimlər əvvəllər müəyyən ediblər ki, iltihaba qarşı siqnal molekullarından biri olan IL-11 zülalı yaşlı orqanizmdə daha çox olur. Və bu, fibrozun inkişafına zəmin yaradır.
Professor Stüart Kuk məsələni belə izah edir: “Qocalıq və zəiflik əlamətlərini daşıyan siçanlar IL-11 zülalına qarşı antikorlarla müalicə olunub. Proses zamanı siçanlar daha yavaş əzələ itkisi göstərib və adi siçanlarla müqayisədə yaşlandıqca daha sağlam və güclü olublar”.
Günel Mikayılova,
KONKRET.az