Bir çox ölkələrdə doğum səviyyəsinin azalması demoqrafik problemə çevrilir və iqtisadi gələcək üçün risk yaradır.
Doğum səviyyəsinin azalmasının əsas səbəbləri nədir?
Bu tendensiya gələcəkdə ölkəmiz üçün necə təsir göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib:

“Bir vaxtlar dünyada əhalinin artımı ilə bağlı böyük narahatlıq vardı. Hətta bununla əlaqədar olaraq “Maltus nəzəriyyəsi” də yayılmışdı. Nəzəriyyədə deyilirdi: “Yer kürəsinin maddi nemətləri ədədi silsiləni, insanlar isə həndəsi silsiləni artırır. Ona görə də Yer kürəsində insanları təmin etmək imkanlarına görə uçurum yaranır. Bu səbəblə də müharibələr, infeksiyalar, epidemiyalar vacibdir. Ən yaxşı halda, şüurlu şəkildə ailə planlaması həyata keçirilməlidir. Yəni, məhdudiyyətlər qoyulmalıdır”. Amma sonradan bəzi xalqların demoqrafik prosesləri nəticəsində məlum oldu ki, təbii şəkildə inkişaf etmiş ölkələrdə mənfi artım var”.
S. Cəlaloğlunun sözlərinə görə, Afrika kimi geridə qalmış ölkələrdə tibbi xidmət aşağı səviyyədədir və mənfi artım müşahidə olunur. İndi isə əhalinin artması problemi meydana çıxıb.
Məsələ ilə bağlı Azərbaycandakı problemlərdən bəhs edən sədr deyib:
“Təbii tənzimlənmə ilk səbəblərdən biridir. Heyvanlar aləmində də say kifayət qədər artanda, təbii hadisə baş verir, say aşağı düşür. İndiki halda Azərbaycanda artımın aşağı düşməsinin başlıca səbəbi sosial-iqtisadi problemlərdir. Çünki adamların ailə qurub uşaq saxlamaq üçün evləri, maaşları, iş yerləri istədikləri səviyyədə deyil. Digər səbəb isə mədəni səviyyə ilə bağlıdır. Yüksək təminatlı ailələrdə də uşağa qayğılardan uzaqlaşmaq üçün dünyaya övlad gətirməkdən qaçırlar. Bu, dünyada da belədir. Onlar öz kefləri naminə bundan imtina edirlər”.
Qısırlığın artmasına toxunan Sərdar Cəlaloğlu əlavə edib:
“Bəzi beynəlxalq təşkilatların qidalara daxil etdikləri maddələrə görə süni şəkildə bəzi xalqların sayını azaldırlar”.
“Daha bir ciddi məsələ isə ailə institutunun dağıdılmasıdır. Azərbaycan statistikasına görə, ölkəmizdə qurulan ailələrlə dağılan ailələrin sayı demək olar ki, bir-birinə yaxındır. Əgər ailə dağılırsa, bəri başdan uşaq barədə də düşünülmür. Ailələr dayanıqlı deyil. Ölkəni tərk edən vətəndaşların da burada böyük rolu var. Onlar xarici ölkələrdə artıma dəstək vermiş olurlar”.
Dəniz Pənahova
KONKRET.az
