Gənc müğənni Ellada “Tıx-Tıx xanım” obrazında “Özümə şeyx axtarıram” yazılı plakatda şəhər küçələrinə düşərək video çəkdirib. Maraqlıdır, belə paylaşımlar mənəvi və əxlaqi dəyərlərimizə necə təsir edir?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev KONKRET.az-a açıqlamasında bildirib ki, bu cür paylaşımlar vasitəsilə mənəvi və əxlaqi dəyərlərimizə ciddi zərbə vurulur.
“Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı ayrıca qanunun qəbul olunması vacibdir ki, əxlaqa zidd məzmunların yayılmasının qarşısı alınsın. Məsələn, bu yaxınlarda bir müğənni boşandıqdan sonra “gözəlləşdiyini” bildirərək açıqlama verdi. Digər bir müğənni isə yoldaşına xəyanət etdiyini dolayısı ilə televiziya verilişlərində etiraf edir. Bu cür davranışlar bir növ təşviq olunur və cəmiyyətə mənfi siqnallar göndərir. Belə hallar ailə dəyərlərimizə ziddir və mütləq şəkildə qarşısı alınmalıdır”.
Ekspert təəssüflə qeyd edir ki, bu gün bəzi KİV-lərdə və sosial platformalarda “sarı” və qeyri-ciddi paylaşımlara yer verilir.
“Bu cür məzmunlar gənclərə və ailələrə mənfi təsir göstərir. Televiziya verilişlərində tez-tez boşanmış qadınların təmtəraqlı həyat tərzi nümayiş olunur. Kimisi “məni həcı saxlayır”, digəri “şeyx axtarıram” kimi ifadələr işlədir. Bu tip paylaşımlar cəmiyyətə yanlış mesajlar ötürür.
Media bu məsələlərdə xüsusilə həssas olmalı, üzərinə düşən məsuliyyəti dərk etməlidir. Jurnalistika missiyasını və peşə etikasını qoruyaraq reytinq naminə belə “sarı” məzmunlara yer verməməlidir. Çünki burada söhbət sadəcə bir xəbərdən yox, ailə institutunun qorunmasından gedir”.
Aynurə İsmayıl
KONKRET.az