Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl Konstitusiyanı dəyişməli və ATƏT-in Minsk Qrupunun ləğvinə razılıq verməlidir.
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” beynəlxalq media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.
“Erməni tərəfinin etməli olduğu daha iki məqam var. Birinci məsələ Konstitusiyasını dəyişdirməkdir. Çünki Konstitusiyada müstəqillik bəyannaməsinə istinad var ki, bu da öz növbəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibində elan edildiyi Azərbaycana ərazi iddialarını ehtiva edir. Ona görə də konstitusiyanın dəyişdirilməsi bizim şıltaqlığımız deyil, bunlar sadəcə obyektiv şərtlərdir. Bakının ikinci şərti ATƏT-in Minsk Qrupunun ləğvidir. Bu məsələ konsensus yolu ilə həll olunduğundan, Ermənistanın razılığı olmadan bunu etmək formal olaraq mümkün deyil, baxmayaraq ki, ATƏT-in Minsk Qrupu uzun müddətdir fəaliyyət göstərməsə də, o, formal olaraq mövcuddur. Və sualımız ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa və Minsk Qrupu da Qarabağ məsələsini həll etmək üçün idi, o zaman bu, nəyə lazımdır? Ermənistanın ATƏT-in Minsk Qrupunu ləğv etmək istəməməsi, bizimlə birlikdə ATƏT-in Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət etmək istəməməsi revanşistlərin planlarının kifayət qədər ciddi olduğunu deməyə əsas verir”, – İlham Əliyev bildirib.