“Sülhməramlılar çıxarılır” – Azərbaycan prinsipial qələbəsini qazanacaq – Politoloqbackend

"Sülhməramlılar çıxarılır" - Azərbaycan prinsipial qələbəsini qazanacaq - Politoloq

Azərbaycan ərazilərində xarici qüvvələrin təsiri altındakı separatçılar sülhə əngəl törədir. Qarabağda yaşayan erməni əhalisinin reinteqrasiya proseslərinə mane olan separatçı dəstə və onun rəhbərləri gündə bir bəyanat verməklə diqqəti Qarabağa yönəltmək niyyətindədir. Bir neçə gün əvvəl onlar dünya dövlətlərinə Qarabağdakı Rusiya sülhməramlılarına beynəlxalq mandat verilməsi üçün müraciət ediblər. Ermənilərin bu addımı müxtəlif səviyyələrdə müzakirə olunub və birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, beynəlxalq mandat tələbi ermənilərin öz istəyi deyil:

“Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin Rusiya sülhməramlılarına beynəlxalq mandat istəməsi əlbəttə ki, rəsmi Kreml tərəfindən idarə olunan prosesdir. Rusiya sülhməramlılarının heç bir mandatı yoxdur və bununla bağlı müzakirələr isə uzun müddətdir davam edir. Burada rəsmi Bakının öz şərtləri və tələbləri var. Azərbaycanın qənaətinə görə, Rusiya sülhməramlıları ilə bağlı mandat məsələsində Ermənistan heç bir yer almamalıdır. Çünki Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları ilə bağlı başqa bir dövlətin prosesdə iştirakı qəbulolunmazdır. Bu, bizim üçün qırmızı cizgidir. Buna görə mandat məsələsi uzanır və Rusiya sülhməramlıları da bu mandatsızlıqdan istifadə edərək müxtəlif hüquq pozuntuları həyata keçirir. Eyni zamanda separatçıların Rusiya sülhməramlılarına beynəlxalq mandat istəməsi Rusiyanın maraqlarını əks etdirir. Çünki onlar anlayırlar ki, 5 ilin tamamında ruslar bölgəni tərk edəcək. Ermənistanın istəyinə görə beynəlxalq mexanizmlə bölgədə sülh təmin edilməlidir. Beləliklə, ermənilər prosesə beynəlxalq status qazandırmaq niyyətindədirlər.

Azərbaycanın istəyi isə bundan ibarətdir ki, nəinki beynəlxalq qüvvələr, heç Rusiya sülhməramlıları da bölgədə gələcəkdə qalmamalıdır. Çünki sülhməramlıların regionda qalma niyyəti yalnız keçid dövrünü əhatə edir. Və bu keçid üçün bütün şərtlər təmin olunacaq, hüquq və təhlükəsizlik məsələləri öz həllini tapacaq.

Eyni zamanda məhz Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə həm Beynəlxalq Qırmızı Xaç Komitəsi avtomobillərinin, həm humanitar yüklərin, həm də sülhməramlıların təminat avtomobillərinin hərəkəti rəsmi Bakı tərəfindən təklif olunub. Vaxtilə Azərbaycanın ekspert camiyəsi “Laçın yolunun bağlanmasını və bu yolda Azərbaycanın nəzarəti əldə olunmalıdır” çağırışı edəndə bəziləri buna saymazyana yanaşır və bunu Azərbaycanın iradəsindən kənar qiymətləndirirdilər. Amma Azərbaycan buna nail oldu. İndi əsas məqsəd Bərdə-Ağdam-Xankəndi marşrutunun işə salınmasıdır. Yaxın gələcəkdə bu yolun istifadə olunması Azərbaycanın növbəti prinsipial qələbəsi kimi dəyərləndiriləcək”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*