Sumqayıtda zibil qalmaqalı: Şəhid bacısı bütün məhəlləni ayağa qaldırdı – FOTOFAKTbackend

Sumqayıtda zibil qalmaqalı: Şəhid bacısı bütün məhəlləni ayağa qaldırdı - FOTOFAKT

Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 55, 57 və 59 saylı binaların sakinləri özünü şəhid ailəsi kimi təqdim edən Aida Mirzəyevadan şikayətçidir. Vətəndaşların əsas narazılığı isə qadının uzun müddətdir binaya məxsus zibil qutularını ərazidən kənarlaşdırmasıdır.

KONKRET.az sözügedən bina sakinlərinin müraciəti əsasında məsələni araşdırıb. Məlum olub ki, Aida Mirzəyeva Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının adından istifadə edərək, ərazidə böyük bir sahəni qanunsuz olaraq mənimsəyib və orada özünə ikimərtəbəli bina inşa etdirib. Hazırda həmin bina həm yaşayış evi, həm də obyekt kimi fəaliyyət göstərir.

Sakinlərin narazılığına səbəb olan əsas məqamlardan biri də Aida Mirzəyevanın bu ərazini səs-küylü məkana çevirməsidir. Bildirilib ki, tənha yaşayan qadın xüsusilə gecə saatlarında dostları ilə bir araya gələrək həyətdə gurultulu məclislər təşkil edir ki, bu da ətrafda yaşayanların istirahətinə ciddi mane olur. Etiraz edən sakinlər isə onun tərəfindən “Şəhid ailəsiyəm, mənə heç kim heç nə deyə bilməz” cavabı ilə susdurulub.

Bütün bunlarla kifayətlənməyən Aida Mirzəyeva son olaraq ətrafdakı zibil qutularına müdaxilə edib. Bina sakinlərinin redaksiyamıza göndərdiyi məlumatda bildirilir ki, Mirzəyeva obyektin qarşısını icarəyə vermək niyyətindədir və bu səbəbdən qarşı tərəfə zibil qutularının ərazidən götürüləcəyinə dair söz verib. Onun istəyinə uyğun olaraq, zibil qutuları qanunsuz şəkildə ərazidən çıxarılıb və nəticədə məişət tullantılarının yığılması üçün əlçatan yer qalmayıb. Çıxış yolu tapmayan sakinlər zibili köhnə ərazidə yerə atmaq məcburiyyətində qalıb və nəticədə ərazi böyük bir zibil poliqonuna çevrilib. İddialara görə, Aida Mirzəyeva onların narazılığına qarşılıq olaraq nalayiq ifadələrlə təhqirə də yol verir.

“Bizim aramızda qazilər, əlillər, şəhid ailələri, yaşlı və xəstə insanlar var. Amma bir nəfərin şəxsi maraqları bütün bina sakinlərini girova çevirib. Şəhid adından sui-istifadə etmək olmaz”, – deyə sakinlər qəzəblərini ifadə ediblər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, şikayət aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilib.

“Hazırda məsələ araşdırılır, sakinlərlə görüş keçiriləcək və qanunamüvafiq tədbirlər görüləcək”, – deyə qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, şəhid ailəsi yalnız şəhidin valideynləri, həyat yoldaşı və övladlarını əhatə edir. Lakin Aida Mirzəyeva şəhid bacısı olaraq bu statusdan sui-istifadə edir və şəxsi maraqları naminə ictimai mühiti pozur. İnsanların rahatlığını pozmaq, ictimai əraziyə qanunsuz şəkildə sahiblənmək, həmçinin vətəndaşlara hədə-qorxu gəlmək nə hüquqa, nə də cəmiyyətin mənəvi dəyərlərinə sığır. Ümid edirik ki, Sumqayıt şəhər rəhbərliyi tezliklə bu özbaşınalıqlara qarşı qanuna uyğun tədbirlər görəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*