
Azərbaycanlılar dünyanı təəccübləndirməkdə davam edir. Ötən ilin payızında cəmi 44 günə düşmən ölkənin hərbi kapiutulyasiyasına nail olan Azərbaycan dünyanın hərb tarixinə ən qısamüddətli müharibə salnaməsini yazdı. 6 həftəlik müharibədə bəşəriyyəti təəccübləndirən məqamlardan biri azərbaycanlıların monolit birliyi idisə, digər səbəb tətbiq edilən yeni döyüş taktikası idi.
Dünya hərb tarixinə “dron müharibəsi” kimi düşən bu münaqişəni beynəlxalq ekspertlər hətta “ulduz müharibəsi” ilə də müqayisə edirlər. Hazırda ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya kimi fövqəldövlətlər ciddi şəkildə Azərbaycanın hərbi təcrübəsini öyrənir. Hətta Rusiya Federasiyası hərbi sənayenin inkişafına dair qüvvədə olan 10 illik dövlət proqramını yarımçıq dayandırıb, Vladimir Putinin sərəncamına əsasən, yeni dövlət proqramının hazırlanmasına start verilib.
Təbii ki, bunlar hər birimizi qürurlandırır, köksümüzü qabardır. Amma azərbaycanlılar dünyanı təəccübləndirməkdə davam edir. Dünən gecə minlərlə soydaşımız yeni ili şəhidlərin məzarı önündə qarşıladı. Axşam saatlarından başlayaraq insanların Şəhidlər xiyabanına axını başladı. Dünən gecə saat 24.00-da Sumqayıt sakinlərinin tam əksəriyyəti dəniz kənarındakı Şəhidlər xiyabanında idi. İnsanlar bayram sevinclərini şəhid ruhları ilə bölüşməyə gəlmişdi. O şəhidlərin ki, xalqımızın 30 illik torpaq həsrətinə, on minlərlə insanın qaçqınlıq həyatına və 30 illik məğlubiyyət utancına öz canları ilə son qoydular. Fərdi ülvi arzularını gənc yaşlarında qəlblərinə gömərək Vətən uğrunda şəhid oldular.
Şərəfli ölümləri ilə 10 milyonluq xalqı məğlubiyyət acısından və qaçqınlıq, köçkünlük utancından qurtardılar. Ona görə də qədirbilən xalqımız 2021-ci ili şəhid məzarlarının başında qarşıladı. Bu, sonsuz bir minnətdarlığın təntənəsi, dərin ehtiramın təcəssümü idi. Bu, dünyada görünməmiş sosial bir aksiya idi. Bu aksiya həm də sivilizasiyaya bir mesaj idi. Bu, müharibənin acı nəticəsini, minlərlə gəncin vaxtsız ölümüni beynəlxalq aləmin, supergüclərin kar qulağına pıçıldayan dinc bir aksiya idi. Var ol, Azərbaycan! Yaşa Azərbaycan xalqı!
KONKRET.az