Sumqayıtın 9-cu mikrorayonunda, sakinlərin sıx yaşadığı Sahib Qarayev küçəsinin böyük hissəsində piyadalar üçün səkinin olmaması bu yolla gedən insanlar üçün təhlükə yaradır ki, bu, normal sayıla bilməz. Əgər bir küçənin piyada səkisi yoxdusa, təbii ki, hərəkət iştirakçıları məcbur olub yolun nəqliyyat vasitələrinin getdiyi hissəsi ilə, maşınlar park olunan yerlərdə isə yolun ortası ilə getməlidir ki, bu da piyadaların vurulması və qəza ilə nəticələnə bilər. Bəlkə də belə hadisələr burada olub. Ən azından səkisiz küçə ilə insanlar rahat gedib-gələ bilmirlər. Bu küçəni salıblar, amma elə bil səki yaddan çıxıb.
“Araz” supermarketdən başlayıb Lüdviqshafen parkına, “Aygün” məclis evinəcən qədər uzanan bu 2-ci dərəcəli küçə kəsə yol olduğundan gedişli-gəlişli yoldur.
Üstəlik bu küçədə piyada keçidi də yoxdur. Əlbəttə, bəzilərinə belə məsələlər xırda görünə bilər, amma düşünəndə ki, söhbət insanların, uşaqların və böyüklərin yolu təhlükəsiz keçməsindən gedir, bu, elə də kiçik problem sayılmamalıdır. Əslində səkinin olmaması piyadalara görə sürücülər üçün də gərginlik və problem yaradır. Onlar da istəyər, yolla rahat sürsünlər. Düzdür, gündüz vaxtı bu küçə-yolda hərəkət o qədər intensiv olmur, amma problem qalır yenə.
Onu da qeyd etmək lazımdır ki, Sumqayıtda səkisiz küçələr başqa yerlərdə də var. Yəni problem ümumidir və digər yerlərdə də əncam çəkilsə, yaxşı olar. Ümid edək ki, aidiyyəti qurumlar bu problemin həlli ilə ciddi məşğul olacaqlar.
Mehman,
KONKRET.az