SÜNDÜ: Əsrlərin o tayından boylanan tarixbackend

SÜNDÜ: Əsrlərin o tayından boylanan tarix

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist

Gəl gəzək Azərbaycanı!

Doğma Azərbaycanımızın hər yanı gözəldir, əlvandır, zəngindir. Özü də bu gözəlliklərin, zənginliklərin qoynunda dünyaya göz açdığımızdan, hər gün, hər an onunla təmasda olduğumuzdan çox zaman bu diyarın dəyəri, qiyməti və nəhayət, təkrarsızlığı barədə heç düşünməmişik də. Tariximizin ötən yüzilliklərini, bəlkə də minilliklərini beləcə yaşamışıq. İndi dövran başqadır. Dünya da, zaman da, münasibətlər də dəyişib. Dövlətimizin dövlətlər cərgəsində, millətimizin millətlər sırasında öz yeri, öz  sözü var indi. Bu gün Azərbaycan dünya siyasətində də özünəməxsus sözü və çəkisi olan subyektlərindən biridir. Azərbaycanın neftinə, pambığına, narına, fındığına, tütününə, meyvəsinə, tərəvəzinə və digər sərvətlərinə dünya böyük maraq göstərir. Antik və Orta əsrlər dövründə olduğu kimi bu gün də dünyanın müxtəlif nöqtələrini birləşdirən çox mühüm beynəlxalq ticarət yolları Azərbaycanda qovuşur, Azərbaycandan şaxələnir. Bütün bunlar isə Azərbaycanın həm də çox mühüm turizm potensialından xəbər verir. Başqa sözlə, indi artıq Azərbaycanın pambığı, ipəyi, nefti ilə yanaşı, onun tarixi, təbiəti, turizm və istirahət üçün olan potensialı da mədəni dünyanın diqqətini cəlb etməkdədir.

Gəlin etiraf edək ki, biz özümüz doğma Azərbaycanımızı, onun ayrı-ayrı bölgələrini, gəzməli-görməli yerlərini hələ də kifayət qədər yaxşı tanımırıq, bu potensialdan yetərincə bəhrələnmək barədə az düşünürük. Onilliklər boyu məzuniyyətimizi, ezamiyyətimizi və istirahətimizi daha çox Soçi, Kislovodski, Qərbu Ukrayna, Moskva ətrafı və sair kənar yerlərdə keçirməyə üstünlük vermişik. Çoxumuz Qaxı, Zaqatalanı görməmişik. Ulu diyarımız Naxçıvanda, Qarabağda, lap elə Azıxda, Şuşada, Laçında olmamışıq, Göygöl və Maralgölün seyrinə dalmamışıq, əfsanəvi Xudafərini görməmişik, Kəlbəcərin şəfalı sularından içməmişik. Amma inanın, bu yerləri, bütövlükdə doğma Azərbaycanımızı qarış-qarış gəzməyə, həm də təkrar-təkrar getməyə, görməyə dəyər.

Qobustan: Azərbaycan tarixinin vizit kartı

Belə gəzməli, görməli rayonlarımızdan biri də Qobustan rayonudur. İlk tanışlıqda yayı Afrıkanı, qışı Sibiri xatırladan Qobustan. Ölkəmizin əsas taxıl anbarlarından biri hesab edilən Qobustan rayonu. Payız və yaz ayları yağmur olanda Qobustanın taxılını yığıb-yığışdırmaq olmur. Vay o günə ki, il quraq keçə… Amma son illər şərait xeyli dəyişib, Qobustan camaatının göylərin mərhəmətindən asılılığı xeyli azalıb. İndi Qobustan şəhərinin məhəllə, küçə və həyətlərində su az qala fəvvarə vurur. Günəş panelləri və küləklə hərəkətdə olan qurğular vasitəsi ilə enerji istehsal edilir. Hansı ki, o enerji ilə bu gün bütövlükdə Qobustan rayonunun enerjiyə olan tələbatını tam ödənmək mümkündür.

Qobustan Azərbaycan tarixinin bir növ vizit kartıdır. Yəni, Qobustan tarix-bədii qoruğu kimi elə Qobustan rayonunun ərazisi də tariximizin vizit kartı olmağa layiq bir qədim məkandır. Görünür, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yeni yaradılan və mərkəzi Mərəzə-Nərimankənd olan bu rayona Qobustan adının verilməsi heç də təsadüfü olmamışdır.

Şimaldan cənuba doğru 80, şərqdən qərbə doğru 100 kilometr uzanan Qobustan rayonu tarixi abidə və yerlərləolduqca zəngindir. Bu yazıda onlardan yalnız bəzilərinin adını çəkməklə kifayətlənirik. Xatırladaq ki, 1920-1930-cu illərdə ayrıca rayon olan Mərəzə 1930-1943-cü illərdə Şirvan rayonu ilə birləşdirilib, 1943-1960-cı illərdə yenidən müstəqil rayona çevrilib. 1402-ci ildə Şirvanşah Şeyx İbrahimin əmri əsasında tikilən, Orta əsr mənbələrində tez-tez adı çəkilən, avropalı səyyahlardan olan Adam Oleari, Kornelius Devrin, Övliyə Çələbi və qeyriləri tərəfindən haqqında bəhs olunan Diri Baba türbəsi, Sündü və Söyünlünün rəvayət dolu mağara labirintləri, Tunc dövrünə aid Qədirtəpə kurqanı, çoxsaylı pirləri və müqəddəs yerləri, dağlıq və aran Şirvanı əslər boyu mədən daşı ilə təmin edən zəngin yataqları Qobustan rayonunu hər kəs üçün maraqlı edə biləcək ünvanlardır. Bu ünvanlar işərisində isə Sündü kəndinin adını xüsusi olaraq qeyd etməyə dəyər.

Sündü Qobustan rayon mərkəzindən 16 km şimal-qərbdə, başdan-başa əkin sahələrindən ibarət münbit yaylalar qoynunda yerləşən və qədim tarixi olan bir kənddir. Ətrafdakı sıldırım yamaclı təpələr, döşündən fəvvarə vuran nadir şəlalə və bulaqlar, yaşıl örtüklü dərin yarğanlar bu kəndin ecəzkar təbiətinin yalnız bəzi cizgiləridir.

Sündünün Orta əsr şəhərlərinə xas olan özəllikləri

Yerli əhalinin yaddaşında Sündü toponiminin müxtəlif yozumları yaşamaqdadır. Bəziləri onun «xunlu», «hünlü» və «sünlü» tayfasının adından götürüldüyünü, bir başqaları isə Sündü adının düşmənin bu yerdəki döyüşlərdə “sındığın”ın əlaməti olduğunu düşünür. Fikrimizcə, bu yozumlardan heç birini elmi cəhətdən əsaslandırmaq baxımından yetərli arqumentlər yoxdur. Yəni, Sündü tarix boyu sahidi olduğu bütün qalibiyyət və məğlubiyyətlərdən öncə də bu yerdə yaşayış məntəqəsi olub. «Sündü» toponiminin Azərbaycan dilindəki «sinə», «döş», «yamac» və tat dilində kənd mənası ifadə edən «di» sözlərinin birləşməsindən əmələ gəldiyini və «sinədə», «döşdə», “yamacda” olan kənd mənası ifadə etdiyini düşünənlər də az deyil.

Yazın yenicə gəlməsinə, havaların hələ ki, yetərincə isinməməsinə baxmayaraq artıq oradakı Qırxbulağın, Söyüdlü bulağın, Təndirnohur və Söyüdlü şəlalələrinin ətrafı demək olar ki, hər gün turistlərlə dolu olur. Qonaq-qaranın çox olmasınının bir səbəbi də yolların rahatlığı və məsafənin digər yerlərlə müqayisədə Bakıya yaxın olmasıdır. Buranın kəklikotusu, zirinci, sayı-hesabı bilinməyən dərman bitkiləri min bir dərdə əlacdır. 32 bulağı, 36 qəbristanı, 2 kəhrizi, 2 dəyirmanı, 100 yaşlı məktəbi, 920-ci ilə aid məscidi olan böyük və abad bir kənddir Südü. Bir sıra əlamətləri baxımından Sündüdə orta əsr şəhər mədəniyyəti çalarları çox qabarıq şəkildə hiss olunmaqdadır. Bütün bunlar təsadüfidirmi?! Müxtəlif vaxtlarda və müxtəlif şəraitdə kəndin ərazisi və ətrafından tapılan bir çox maddi mədəniyyət qalıqları hələ Tunc dövründən başlayaraq orada həyat olduğundan xəbər verir. Xatırladaq ki, ötən əsrin 70-ci illərində gökrəmli arxeoloq Fazil Osmanov tərəfindən Sündü və ətraf ərazidə ilkin kəşfiyyat axtarışları aparılıb. Nəticədə Orta əsrlərə, Antik və Tunc dövrlərinə aid yerüstü qalıqlar və on dörd kurqan olduğu müəyyən edilib.  2020-ci ildə kənd məktəbi üçün bünövrə yeri qazılarkən isə son Antik dövrünə aid xeyli sayda keramika nümunələri üzə çıxıb.

Sündünün hər daşı, hər qarış torpağı da tarixdir

Bir sözlə, Sündüdə az qala hər daş, hər qarış torpaq bir tarixdir. Burda sasani hücumlarının da, xəzər-hun basqınlarının da, ölkədaxili feodal müharibələrinin də izlərini görmək mümkündür. Bu o deməkdir ki, digər yaşayış məntəqələri kimi Sündü də davamlı olaraq tikilib qurulmaqla yanaşı, həm də zaman-zaman dağıntı və tənəzzüllə üzləşməli olub.

Tarixi mənbələrdə Səndunun adı Arran hökmdarı Əbüləsvar Şavur ibn Fəzlin XI əsrin ortalarında Şirvana olan üçüncü hücumu zamanı da xatırlanır. Belə ki, Arran hökmdarı Əbüləsvar Şavur ibn Fəzl 1063-cü ilin martında Şirvana hücum edərək Quylamiyan qalasını (Bu, Gülüstan qalası ola bilər – Q.C.) tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini talan edib apardı. Ona qarşı itaətsizlik göstərən əhalini qılıncdan keçirdi, yerli əyanları əsir apardı. O, 1063-cü ildə üçüncü dəfə Şirvana yürüş edərək Sədun kəndində dayandı, əkinləri, ətrafdakı kənd və malikanələri yandırdı. Bu məlumatdan da göründüyü kimi XI əsrin ortalarında Sədun hələ ki, kənd tipli yaşayış məntəqəsi idi.

Sündüyə və sündülülərə ən ağır zərbə isə 1918-ci ilin aprel qırğınları zamanı dəyib. Erməni-daşnak qüvvələri kənddəki 433 evdən 198-ni yandırıb, qaçaraq canını qurtarmağa fürsət tapmayan  295 nəfəri qətlə yetiriblər. Əhalinin bir hissəsi ermənilər kəndi tərk edənədək yaxınlıqdakı mağaralarda gizlənib. Sündünü tərk edərək Kürdəmirə, Gəncəyə qaçan sakinlər isə yalnız Qafqaz İslam Ordusu Bakıya daxil olandan sonra doğma kəndə dönüb.

Sündüdə Antik və Tunc dövrlərinə aid qalıqlar torpağın altındadırsa, Orta əsrlərə aid maddi mədəniyyət nümunələrinin böyük bir qismi yer üstündə, necə deyərlər göz qabağındadır. Kəndin demək olar ki, əksər ərazilərində müşahidə olunan fərqli-fərqli dəfn adətlərindən xəbər verən çoxsaylı qəbirlər, onların üzərinə qoyulmuş nəhəng və rəngarəng formalı sənduqə-örtüklər, yerli sakinlərin ərəb-xəzər müharibələrinin qurbanlarının dəfn olunduğu ehtimal etdikləri «Yuxarı şəhidlər» və «Aşağı şəhidlər» qəbristanları, yerüstü əlamətləri aydın sezilən neçə-neçə sərdabə qalıqları, hamam və kəhrizlər buna misal ola bilər. Sündüdə kimi dindirsən «Qəhlə» və «Bulu Qəhlə»nin qədim tarixindən xəbər verən neçə-neçə rəvayət söyləyər. Sündü mağaraları barədə də eyni sözləri demək olar. Maraqlıdır ki, ayrı-ayrı informasiya portallarında həm Sündü, həm də Nərimankənd mağaraların Orta əsrlərə aid olduğuna dair elmi həqiqəti əks etdirməyən qeyri-dəqiq informasiyalar tirajlanaraq yayılmaqdadır.

Kəndin mərkəzi meydanı olan Qoşabulaq kompleksi (Şamaxı qəzası Qəbiristan dairəsinin pristavı F.A.Deminskinin 1895-ci ilə dair qyedlərində Qoşabulağın sutka ərzində 50 min vedrə su verdiyi bildirilir), daş döşənmiş darısqal küçələri, nə vaxtsa Orta əsr tikintilərindən sökülərək yeni binaların divarlarında istifadə olunmuş xüsusi kəsmə daşlar da Sündünün əsrlərin o tayından boylanan tarixinin nişanələridir. Xatırladaq ki, bütün bunlar kompleks halında götürüldükdə kənd və kənd tipli yaşayış məntəqələrindən daha çox şəhər və ya şəhər tipli yaşayış məntəqələrinə xas olan atributlardır. Bu isə Sündünün tarixi mənbələrdə adı çəkilən, lakin bu günədək yeri bəlli olmayan Azərbaycan şəhərlərindən biri olduğu ehtimalı üzərində düşünməyə əsas verir.

Sədun şəhəri haradadır?!

Mütəxəssislər yaxşı bilirlər ki, öyrənilməmiş qalan hər bir abidə tariximizin hələ ki yazılmamış səhifəsidir. Yəni, abidələrimiz tədqiq olunduqca tariximiz həm zənginləşir, həm də dürüstləşir. Bu minvalla da tariximizin qaranlıq nöqtələrinə işıq düşür, müəmmalı məqamlara aydınlıq gətirilir. Məsələn, yaxın keçmişədək çox məşhur tarixi şəhərlərimiz olan Qəbələ, Mehrəvan, Şabran, Beyləqan və Orta əsr Ağsu şəhərlərinin yeri elm aləminə bəlli deyildi. Lakin arxeoloji tədqiqatlardan sonra bütün qaranlıqlara aydınlıq gətirildi. Amma bu istiqamətdə görüləsi işlər də hələ olduqca çoxdur. Qoy, oxucu bilsin ki, qədim və orta əsrlərin yazılı qaynaqlarında adı çəkilən onlarla şəhər və şəhər tipli yaşayış məntəqəsinin harada olduğu hələ ki, heç kəsə məlum deyil. Yaxud da, Azərbaycan ərazisində yerüstü əlamətlərindən şəhər və ya şəhər tipli yaşayış yeri olduğu şübhə doğurmayan onlarla abidəmiz vardır ki, onların nə adını, nə  tarixini, nə də tariximizdəki yerin bilmirik. Belə şəhərlərimizdən biri də Orta əsr mənbələrində adı tez-tez xatırlanan Sədun şəhəridir.

Xatırladaq ki, Sədunun adı ilk dəfə XII əsr müəllifi Fələki Şirvaninin qəsidələrindən birində çəkilir:

Qoy mən kafir olum, əgər dünya padişahlarından biri

Haçansa Girdman və Səduna bənzər şəhər tikmişsə.

1108-ci ildə Şamaxıda dünyaya göz açan, yarıməsrilik ömrünü tam olaraq Şamaxıda yaşayıb yaradan və elə orada da vəfat edən F.Şirvaninin bu beytindən də göründüyü kimi, Sədun məhz Şirvan şəhərlərindən biri olub. F.Şirvani bir müddət Şirvanşahlar sarayında yaşayıb və Şirvanşah III Mənucöhrün şərəfinə mədhiyyələr də yazıb. Görünür, yuxarıda təqdim olunan beytdə təriflənən padişah da məhz elə III Mənuçöhrdür. Deməli, Sədun şəhərinin tikilməsi, yəni əsasının qoyulması yox, məhz tikilməsi Şirvanşah III Mənuçöhrün adı ilə bağlıdır. Yəni, Sədun bir yaşayış məntəqəsi olaraq daha əvvəldən mövcud olub və III Mənuçöhr sadəcə onu tikib, qurub, abadlaşdırıb. Maraqlıdır ki, XII əsrdə F.Şirvani ilə eyni dövrdə yaşamış olan Xaqani Şirvan idə öz Divanında Sədunun adını çəkib. Həm Xaqani, həm də F.Şirvaninin əsərlərində Sədunun Şirvanşah III Mənuçöhür (1098-1160) tərəfindən tikildiyi və orada suvarma şəbəkələri inşa olunduğu geniş vəsf olunub.

Görkəmli tədqiqatçı V.F.Minorskinin yazdığına görə «Tarix-i əl-Bab» əsərində də Sədunun adı çəkilir və «Səbəranın (Şabran şəhəri nəzərdə tutulur) yaxınlığında» lokalizə edilir. Orada  bildirilir ki, Arran hökmdarı Şavur üçüncü dəfə Şirvana yürüş edərək Sədun kəndində dayandı, əkinləri və ətrafdakı yaşayış məntəqələrini yandırdı. Xanıkovun B.A.Dorna yazmış olduğu 1858-ci il tarixi «Asiya qeydləri» toplusunda da Sədunun Şabran şəhəri xarabalıqları yaxınlığında olduğu bildirilir. Xanıkov yazırdı: «Sədun, indiki Siadan, Qübbə rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir». Şirvan tarixinin görkəmli tədqiqatçısı prof. Sara Aşurbəyli isə Sədunun Xəzər dənizi və Ataçay çayı arasında, indki Siyəzən şəhəri yaxınlığında olduğunu ehtimal edib.

Sündü Sədun ola bilərmi?!

Sədunun tarixi və yerinin lokalizəsi barədə yuxarıda sadalanan məlumatları ümumiləşdirərək aşağıdakı nəticələrə gəlmək olar:

  1. Orta əsr mənbələrində adı çəkilən və bu günədək dəqiq yeri elmə bəlli olmayan Azərbaycan şəhəri Sədun XII əsrdə Şirvanşah III Mənuçöhr (ona Böyük Mənuçöhr də deyirdilər) tərəfindən «tikilmişdir». «Tikilmişdir» ifadəsini ona görə xüsusi bildiririk ki, ona qədər də həmin yerdə eyni adlı iri kənd tipli yaşayış məntəqəsi olub. III Mənuçöhrün hakimiyyəti dövründə isə orada geniş miqyaslı tikinti-quruculuq işləri görülüb və yalnız bundan sonra Sədun şəhər kimi tanınmağa başlayıb.
  2. Sədunun yerinin lokalizəsi ilə bağlı məlumatlardan da göründüyü kimi, bütün müəlliflər onu Şirvanın şimali-şərq bölgəsində, Bərmək mahalı ərazisində, Şabran şəhərinin xarabalıqalrı yaxınlığında, Beşbarmaq və indiki Siyəzən şəhəri istiqamətində olduğunu ehtimal edirlər. Lakin həmin müəlliflərdən heç biri konkret ərazi və yer adı çəkmir. Bu da Sədun şəhərinin yeri ilə bağlı məlumatların hələ ki, qeyri-müəyyənliyindən xəbər verir. Bu qeyri-müəyyənlik hər şeydən öncə ondan irəli gəlib ki, ehtimal olunan hüdudlar daxilində ən azı Səduna bənzər şəhər yeri qalıqlarının və uyğun toponimin məlum olmamasıdır. Yəni, necə ola bilər ki, ondan çox-çox əvvəlki tarixi dövrdən mövcud olmuş Şabranın izləri bu günədək qalığı halda Sədundan heç bir nişanə qalmasın?! Bu isə Sədun şəhərinin konkret olaraq harada olduğunu axtarmaqda davam etməyin zəruriliyi deməkdir. Elə isə adı mənbələrdə tez-tez xatırlanan, Xaqani və Fələki Şirvani kimi dühalar tərəfindən şəninə təriflər yazılan orta əsr Azərbaycan şəhəri Sədun haradadır?!

Apardığımız müşahidə, araşdırma, təhlil və müqayisələrim məntiqi yekunu olaraq Qobustan rayonun Sündi kəndinin Sədun şəhərinin qalıqları olduğu ehtimalı üzərində düşünməyə əsas verir. Sual oluna bilər, nə üçün məhz Sündü? Birincisi, artıq yuxarıda qeyd edildiyi kimi Sədunun indiyədək ehtimal olunduğu yerlərdə hansısa şəhər tipli yaşayış məskəninin və uyğun toponiminin mövcudluğu bəlli deyil. İkincisi, Sundu ayrı-ayrı tədqiqatçılar tərəfindən Sədunun lokalizə edildiyi ərazinin qonşuluğunda yerləşir. Yəni, Sündü ilə Sədunun indiyədək demək olar ki, bütün müəlliflər tərəfindən lokalizə edilmiş olduğu Bərmək mahalı coğrafi baxımdan da əslində bir-birinə çox yaxın, daha doğrusu bitişik ərazilərdir. Bu mənada Sündünün Sədun olduğuna dair ehtimal əslində indiyədək elmi dövriyyədə olan ehtimallara da çox yaxındır. Əlbəttə, arxasında çox ciddi elmi dəlillərin durduğu bu ehtimalın özü də hələ ki, daha çox məntiqi əsaslara söykənir. Yəni, bu ehtimalın da nə dərəcədə doğru olub-olmadığı gələcək elmi axtarışların nəticəsindən asılı olacaqdır.

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar jurnalisti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*