KONKRET.az Türkiyənin Bursa Uludağ Universitetinin professoru Mehmet Yücenin müsahibəsini təqdim edir:
– Müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin meydana çıxmasını şərtləndirən hansı tarixi amillər oldu?
– Əslində Şuşa Bəyannaməsi Məhəmməd Əmin Rəsulzadə və Atatürk tərəfindən başlanan, mərhum Heydər Əliyevin “Bir millət – iki dövlət” şüarı ilə təcəssüm edilən və Qarabağ savaşı ərzində zirvəyə qalxan əlaqələrin hüquqi mətnlərdə öz əksini tapmasıdır. Məlum olduğu kimi, 1921-cil il Qars anlaşması ikili əlaqələrimizdə böyük yer tutur. Bu anlaşma ilə Türkiyəyə Naxçıvanda zəmanətçi ölkə statusu verilib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1994-cü ildə iki ölkə arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” imzalanıb. Bu anlaşma ilə əlaqələrin hüquqi zəmini formalaşdırıldı. 2010-cu ildə isə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” imzalandı. İkinci Qarabağ savaşı iki ölkənin bir-birinə nə qədər ehtiyac duyduğunu və bir-birilərinə dəstək olduqları zaman nələrə nail ola biləcəklərini göstərdi. Dolayısı ilə mövcud durumu gələcəkdə daha geniş sahələrdə əməkdaşlığa çevirmək üçün BMT Nizamnaməsi, beynəlxalq, regional və ikitərəfli anlaşmalar nəzərə alınmaqla Müttəfiqlik Haqqında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə əməkdaşlıq sahələri genişləndi və qarşıdakı hədəflər təsbit edildi. Bu anlaşma eyni zamanda digər türk dövlətləri ilə gələcəkdə bənzər anlaşmaların imzalanması üçün örnəkdir. Sənəd tək bizim ölkələrdə deyil, bütün bölgədə və dünyada sülhə və əmin-amanlığa, əməkdaşlığa töhfələr verəcək.
– Bəyannamənin türk dövlətlərinin əməkdaşlığına faydasını necə dəyərləndirirsiniz?
– SSRİ-nin dağılmasından sonra türk dövlətləri arasında əlaqələrin qurulmasının önündə ən böyük problem qarşılıqlı inam və etibarın təsis edilməsi oldu. Belə məsələlərin başında sərhəd, iqtisadi və milli kimlik problemləri gəlirdi. Uzun müddət Çar imperiyası və SSRİ tərkibində yaşayan bu ölkələrin müstəqil yaşamaq və öz milli mənfəətlərini qorumaqla bağlı çətinlikləri, şübhələri vardı. Türkiyə və Azərbaycanın Qarabağ savaşında qazandığı zəfər bu şübhələri dağıtdı. Bununla yanaşı türk dövlətləri öz aralarında quracaqları mexanizmlə problemlərin həllinin mümkün olduğunu gördülər. Son dönəmdə Tacikistan və Qırğızıstan arasında baş verən silahlı münaqişə zamanı Qırğızıstan məsələnin Türkiyə və türk dünyası tərəfindən həll olunma istəyini dilə gətirdi. Digər tərəfdən Zəngəzur məsələsi Şuşa Bəyannaməsində açıq şəkildə öz əksini tapdı. Bunun da çox böyük strateji önəmi var. Ümumiyyətlə, ölkələrimizin yaxınlaşması baxımından ən qısa zamanda Türk Dünyası Universitetinin qurulmasını vacib hesab edirəm.
– Bəyannamədə beynəlxalq və regional təşkilatlarda ölkələrimizin birgə fəaliyyəti haqqında məsələyə də toxunulub…
– Bəli. İkinci Qarabağ savaşı zamanı Türkiyə və Azərbaycan tarixdə nümunəsi az olan həmrəylik və qardaşlıq nümayiş etdirdilər. İki ölkənin bəyannamədə təsbit olunduğu kimi beynəlxalq və regional təşkilatlarda eyni mövqedən çıxış etməsi dövlətlərimizin beynəlxalq aləmdə yerini gücləndirəcək və təsir gücünü artıracaqdır.
– Şuşa Bəyannaməsində təsbit olunan təhlükəsizlik məsələlərində və hərbi sahədə əməkdaşlıq ölkələrimizə nə vəd edir?
– Sənəddə təhlükəsiz məsələlərində və hərbi sahədə əməkdaşlığın təsbit olunması mövcud əlaqələrin hüquqi şəkildə təzahürüdür. Gələcəkdə strateji sahələrdə ortaq fəaliyyət formaları həyata keçirilə bilər. Ancaq bunu xüsusilə vurğulamaq istəyirəm ki, Türkiyə və Azərbaycanın hərbi sahədə əməkdaşlığı heç kimə qarşı deyil. Çünki ölkələrimizin siyasətinin təməlində bölgədə və dünyada qarşılıqlı hörmət çərçivəsində sülh şəraitində yaşamaq prinsipi dayanır. Əməkdaşlığımız Qafqaz bölgəsində və dünyada sülhə xidmət edəcək. Axar.az