Yol gedirik. Qışın necə deyərlər oğlan çağıdır. Amma dağlarda elə dağlara məxsus hava var. Gah gün çıxır, gah ayaz olur. Yolların, dolamaların quzey tərəfi 2 gün əvvəl yağmış qar, güney tərəfi isə qupqurudur. Quzey tərəfə keçirəm qalın, güney tərəfə keçəndə isə nisbətən “yüngül “ geyinirəm. Düzünü deyim, sevincin havası başıma necə vurubsa, hələki üşümürəm, ya da hiss eləmirəm.
Yolda, təxminən Xocavənd rayonu ərazisində avtobusumuz “qaynatdı” . İçəri buğ dolanda məcbur qalıb, maşını tərk elədik. Bax onda tərtəmiz, havanı ciyərlərimizə çəkdik.
Təmiz hava , gözlərimizi sevindirən sıldırımlı qayalardan, sıx meşələrdən, qarlı dağlardan, sakit axan çaylardan sonra ürəyimizə yağ kimi yayılır. Hərə bir tərəfdə “selfi”edir. Hamının kefi yerindədir. Onlar da gördükləri yox, görmədikləri maraqlı bir məkan görməyin sevincini yaşayırlar. Yenidən maşına doluşuruq. Yola davam…
Əvvəllər ermənilərin yaşadığı indi isə boş qalmış kəndlər xarabazarlığa oxşayır. Köhnə evlər, paslanmış dəmirdən olan damlar, məftillərlə bir-birinə pərçim edilmiş odundan taxtadan olan “hasarlar”, ermənilər neçə ağır-çətin vəziyyətdə yaşadığını göstərir.
Diqqətimi Şuşa yolunun üstündəki, Daşaltı kəndi çəkdi, O Daşaltı kəndi ki, 1992-ci il 25 yanvarından 26-sına keçən gecə Azərbaycan Ordusu məhz burda 90 nəfərdən artıq itki verib. Həmin Daşaltı 2020-ci il 9 noyabrda şanlı ordumuz tərəfindən işğaldan azad olundu.
Çatdıq! Artıq saat 14 00.. Şuşalıların “avtovağzal” bildikləri iki mərtəbəli iki əks hissədə yerləşən pilləkanlı binaya gəlirik. Bildiyim qədəri ilə avtovağzal Köçərli məhəlləsində, Pənah Əli xan küçəsində yerləşib.
Amma bura artıq avtovağzal deyi. “Koç Ət” restoranıdır. (Yəqin ki, avtovağzal üçün başqa yer düşünülüb) . Pilləkanlarla 2-ci mərtəbəyə qalxırıq. Gəlişimizi bildikləri üçün hazırlıq görülüb. Qapıda belə bir elana da rast gəldim. “Hərbiçilərimizə 20 faiz endirim”. Sevinirəm.
Haqq üçünə deyək ki, süfrəmiz bol idi: Paytaxt salatı, çoban salatı, mərci şorbası, lülə-tikə- toyuq kababı və langet. Limonad və çay…
Kababların dadı ya doğrudan ləzzətli idi, ya biz acmışdıq. Amma tanınmış tərcüməçi Sevil Gültən iddia etdi ki, hələ ömründə belə yumşaq və dadlı ətdən kabab yeməyib. Evdə onun yolunu gözləyən qızı üçün də kabab sifariş edir.
-Oğlum bir şiş lülə kabab hazırla evə aparacam
– Xörəkpaylayan: “Baş üstə” deyib gedir.
-Oğul bir şişdə neçə lülə olur, şişin biri neçəyədir?
-1 şişdə bir lülə olur, qiymətidə 7 manat.
Sevil xanım razılaşıb alır.
Hesablamağa başlayıram: Əgər bir şiş kabab 7 manatdırsa, onun 20 faizi təxminən 1 manat 40 qəpik edir. “Hərbçilərə böyük güzəşt ediblər “- deyə düşünürəm.
Naharımızı edib həyətə düşürük. Fotoaparatı əlimə alıb, ərazini nəzərdən keçirirəm. Restoranla üzbəüz “zapravka”dır. Restorandan sol tərəfdə isə poçt binası yerləşir.
Məlumata görə bu bina ötən əsrin 80-ci illərində inşa edilib. 4 mərtəbəli binada poçt, teleqraf, telefon və digər rabitə xidmətləri göstərilirdi. Saatlı məhəlləsində yerləşir. Poçtun tam da qarşısında gənclər üçün futbol meydançası yerləşir.
1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli Realnı Məktəbin əsası qoyulur. Hazırlıq və üç əsas sinifdən ibarət təşkil olunan bu məktəbə ilk dəfə 159 şagird qəbul edilir.
1886-cı ildə təhsil ocağına 7.500 manat vəsait xərclənmişdir. Şuşanın qədim tikililərindən sayılan təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən 1989-cu ilədək Riyaziyyat Təmayüllü 2 nömrəli İnternat Məktəbi fəaliyyət göstərmişdir. Binanın sonuncu sakinləri isə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şuşa filialı olub. 1989-cu ildən 1992-ci ilədək bu binada fəaliyyət göstərən ali təhsil müəssisəsinin Şuşa filialında tələbələr, əsasən, pedaqoji fakültələrdə təhsil alırdılar.
4 texnikumdan biri:1922-ci ildən fəaliyyət göstərən, 1931-ci ilədək müəllimlər seminariyası, sonralar pedaqoji texnikum (məktəb) adlanan Şuşa Mədəni-Maarif Texnikumu … Cıdır düzünə gedən yoldadır… Orada ümumiyyətlə, salamat bina qalmadığı üçün texnikumun binasının qalıqlarını da tapa bilmədim
1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Həmin məscid bizim dövrümüzə yaxşı saxlanmış vəziyyətdə çatmışdır. Erməni işğalçıları Şuşadakı məşhur Gövhərağa məscidini “fars məscidi” kimi restavrasiya edib işə salıblar. İşğaldan sonra məscid öz formasına qaytarılıb.
1982-ci il yanvarın 14-də o vaxt birinci katib işləmiş Heydər Əliyevin təşəbbüsü ilə Şuşada Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərə işğal dövründə vəhşi ruhlu ermənilər tərəfindən dağıdıldı. Şuşa azad olunduqdan sonra, yəni bu il avqustun 29-da həmin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri başa çatdı və açılışı oldu. Abidənin hər detalında tarixi görkəm qorunub saxlanılıb.
Abidə kompleksinin bütün infrastrukturu yenidən qurulub, yağış suları üçün drenaj xətləri və elektrik xətləri çəkilib quraşdırılıb. Landşaftda istinad divarları və meydança tarixi görkəmi çərçivəsində qranitlə üzlənib. Eyni zamanda ətrafda o dövrün şəkillərində əks olunduğu kimi, müxtəlif növ qızılgül kolları əkilib.
Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarları. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılmışdır. Şair və Qarabağ xanının vəziri Molla Pənah Vaqif şəxsən Şuşa qalasının inşası işlərinə rəhbərlik və nəzarət etmişdir. Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları.
“Qafqaz” qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: “Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol (Gəncə red- ƏR) qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, “Şuşa qayası” adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir”. Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar.
Mən durduğum yer Gəncə qapısıdır.
Bu da Paşinyanın “8 may qələbə günü” münasibəti ilə yallı getdiyi Cıdır düzü. Bunun əvəzinə Şuşada bir günlük qonaq olan jurnalistlər həmin yerdə yallı getdi.
Paşinyanların ayaq izlərini tamamilə o müqəddəs ərazilərdən – Qarabağdan silinməsində Azərbaycan jurnalistikasının çiynində ən azı ordumuz qədər məsuliyyət var! Yenə də olacaqdır!
7 noyabrda şəhərin qayalıqlarını çox böyük əziyyətlə dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olan, erməni qoşunlarını şəhərdən qovan və 8 noyabrda Şuşanı işğaldan azad etdiyini bəyan edən Azərbaycan Ordusuna dərin ehtiramımı sevgimi bildirirəm! Şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Əntiqə Rəşid