Tahir Budaqov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşübbackend

Tahir Budaqov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bu gün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Görüşdə Azərbaycanda qaçqın, məcburi köçkün və vətəndaşlığı olmayan şəxslərlə bağlı statistik məlumatlar, həmçinin cari ilin 1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına hazırlıq vəziyyəti və digər məsələlər müzakirə olunub.

Qonağı salamlayan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən sistemli sosial-iqtisadi islahatlar  barədə ətraflı məlumat verib. Beynəlxalq və daxili miqrasiya proseslərinin bilavasitə qaçqın və məcburi köçkünlərlə birbaşa əlaqəli olduğunu xatırladan Tahir Budaqov qeyd edib ki, miqrasiya statistikasının təşkilində qaçqınlar, habelə ölkə daxilində öz daimi yaşayış yerlərini məcburən dəyişmiş əhaliyə dair məlumatlar nəzərə alınması vacib məsələlədəndir. Əhalinin bu qrupuna dair sosial-iqtisadi və digər statistik göstəricilərin işlənməsinə tələbat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanmasından sonra yaranıb. Rəsmi statistikaya görə Azərbaycan Respublikası əhalisinin 1,2 milyonu və ya 12,4%-i qaçqın və məcburi köçkünlərdir. Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır. Komitə sədri münaqişə nəticəsində öz tarixi torpaqlarından məcburi didərgin düşən vətəndaşlarımızın daim dövlət qayğısı ilə əhatə olunduğunu, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və problemlərinin həlli istiqamətində hər il böyük işlər görüldüyünü diqqətə çatdırıb.

Tahir Budaqov 1-10 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına hazırlıq işləri barədə də ətraflı məlumat verib.

Qeyd olunub ki, Qaçqın və məcburi köçkünlər haqqında statistik məlumatlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 1990-cı ildən etibarən əldə edilir. İnzibati məlumatlardan əlavə qaçqın və məcburi köçkünlər haqqında statistik məlumatlar əhalinin siyahıyaalınması zamanıda əldə olunur.

Qeyd olunanlarla yanaşı qaçqın və məcburi köçkünlər haqqında bir sıra statistik məlumatlar “Ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı” vasitəsi ilə də əldə edilir. Vətəndaşlığı olmayan şəxslərə dair statistik məlumatlar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən “Azərbaycan Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında” 1-miqrasiya №-li rüblük (illik) rəsmi statistika hesabatı forması vasitəsilə real-vaxt rejimində əldə olunur.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Quido Ambroso səmimi görüşə görə məmnunluğunu ifadə edib, əhalinin siyahiyaalınmasına hazırıq işləri çərçivəsində görülən işləri yüksək qiymətləndirib.

Görüşdə Dövlət Statistika Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında yeni əməkdaşlığın prespektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın