Tahir Kərimli: “Özünü Türkan Şoraya oxşadan psixoloq açıq-aşkar əxlaqsızlığı təbliğ edir”backend

Tahir Kərimli: "Özünü Türkan Şoraya oxşadan psixoloq açıq-aşkar əxlaqsızlığı təbliğ edir"

“Evimin üstündə otel tikiblər. Qapının deşiyindən baxıb, sonra çıxırıq”.

Son bir neçə ildə cəmiyyətdə, xüsusən sosial şəbəkələrdə milli-mənəvi dəyərələrimizə və əxlaqımıza zidd hərəkətlərin, açıqlama və çağırışların tez-tez şahidi oluruq. Başqa sözlə desək, özünü adekvat apara bilməyən insanlar xoşagəlməz davranışları ilə pis nümunə olmaqla, cəmiyyətdəki sağlam mühitə ciddi mənfi təsir göstərməkdədirlər. Vəziyyət o həddə çatıb ki, bu neqativ hallar ictimaiyyətin müxtəlif təbəqləri arasında az qala qarşıdurmaya da gətirib çıxarır və haqlı olaraq cəmiyyətin məhvinə yönələn mənfi tendensiya kimi qiymətləndirilir.

Bu sırada müxtəlif peşə sahibləri – blogerlər, yazıçılar, psixoloqlar və s. şəxslər də bəzən insanların hissinə toxunan açıqlamalarla gündəmə gəlir, cəmiyyətdə böyük çaşqınlıq yaradırlar. Acınacaqlısı isə odur ki, bu hal geniş vüsət almağa başlayıb. Hətta hüquq-mühafizə orqanları belə hallara qarşı çağırışlar edib, tədbirlər görsə də, problemin köklü həllinə nail ola bilmir. Görünən odur ki, daha ciddi mexanizmlər işə salınmalıdır. Məsələn, bu baxımdan əxlaq polisinin yaradılması məsələsi gündəmə gələ bilər ki, bununla da azğınlaşmış zümrənin qarşısının alınmasında daha ciddi tədbirlər görülər.

Məsələni KONKRET.az-a dəyərləndirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının lideri Tahir Kərimli bildirib ki, bu, onun üçün çox ağrılı mövzudur:

“Mən 1990-cı ildə ilk dəfə Ali Sovetə deputat seçiləndə, birinci çıxışım Azərbaycanda mənəviyyat komissiyasının və əxlaq polisinin yaradılması ilə bağlı olub. Təəssüf edirəm ki, o vaxtdan bu günə kimi bu arzumu reallaşdıra bilməmişəm. İnsanlar elə başa düşür ki, şəriətlə idarə edilən ölkələrdə olduğu kimi, əxlaq polisi insanları məcburi çadraya keçirmək, hər addımına nəzarət etmək və s. xarakteri daşıyır, amma belə deyil.

Mən hələ o zaman bildirmişdim ki, əxlaqsızlıq dəfələrlə artacaq. Onda rəhbər şəxslərdən biri mənə demişdi ki, biz indi açıq cəmiyyət qururuq və bu cəmiyyətdə qadağalar qoya bilmərik. Mən isə izah edə bilmirdim ki, sosializm də qadağalar sistemi idi. Hakim ideologiyadan başqa hər şey qadağan olunmuşdu. Amma əxlaqsızlıq da qadağan idi. Karl Popperin nəzəriyyəsi də sübut edirdi ki, həyatda yaxşılarla birlikdə pislər də var. Yəni necə ki, qarşısı alınmayanda əxlaqsızlıq inkişaf edir, edəcək də. Həqiqətən, belə də oldu və qarşısıalınmaz vəziyyətə gəlib çıxdı”, – deyə deputat vurğulayıb.

T.Kərimli hesab edir ki, sosial şəbəkələrdə, televiziyalarda əxlaqsızlıq açıq şəkildə təbliğ olunur: “Özünü Türkan Şoraya oxşadan bir psixoloq var, açıq-aşkar adət-ənənələrimizin əleyhinə gedir, əxlaqsızlığı təbliğ edir. Hələ mən müğənniləri demirəm. Bunların qarşısını almaq üçün əlbəttə ki, əxlaq polisi yaradılmalıdır və bu orqan, eyni zamanda, sosial şəbəkələrə də nəzarət etməlidir”.

Deputat əlavə edib ki, “otuz üç ildir parlamentdə – dövlət səviyyəsində bu məsələləri qaldırıram, ancaq qəbul etdirə bilmirəm. Düzünü desəm, artıq ümidim də azalıb”.

“Təsəvvür edin ki, qanun qadağan elədiyi halda, mənim yaşadığım binada bir mərtəbə yuxarıda otel açıblar. Qapının deşiyindən baxırıq ki, görək avara adamlar çıxıb-düşmür ki, ondan sonra evdən çıxaq. Halbuki qanun otel və hostellərin yaradılması üçün ayrıca qapı olmasını tələb edir. Yoxsa vətəndaşların şəxsi mülkiyyətində olan evləri otel kimi istifadə etmək nə deməkdir? Yəni bu cür problemlər çoxdur. Mən isə bu məsələləri səsləndirməkdən artıq yorulmuşam”, – deyə partiya sədri fikrini yekunlaşdırıb.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*