“Əl-Qaidə” üzvləri Əfqanıstana sığınmaq istəyirlər.
KONKRET.az xəbər verir ki, “Taliban”ın Baş Kəşfiyyat İdarəsi (GDI) İranda hakimiyyətin süqutu ehtimalına qarşı İslam İnqilabı Keşikçiləri Korpusu (KİVƏR) və “Əl-Qaidə” üzvlərinin Əfqanıstana kütləvi şəkildə köçməsi riskini müzakirə edən qapalı toplantı keçirib. Bu barədə məlumatı Afghanistan International yayıb.
Təhlil olunan əsas məsələlər sırasında İran-İsrail müharibəsi, İslam Respublikasında hakimiyyətin devrilməsi ehtimalı və bunun region üçün doğura biləcəyi nəticələr olub.
Eyni zamanda bildirilir ki, İranın Ali lideri Əli Xameneinin aparat rəhbərinin müavini Əli Əsğər Hicazi və digər yüksək vəzifəli şəxslər Rusiya ilə gizli danışıqlar aparıblar. Onlar İsraillə gərginliyin böhran səviyyəsinə çatacağı təqdirdə özləri və ailə üzvləri üçün sığınacaq imkanlarını müzakirə ediblər.
Bu arada, “Əl-Qaidə”nin rəhbər şəxsləri – Səif əl-Adil və Əbu Əbdürrəhman, hazırda İranda gizləndikləri güman olunan şəxslər, İran daxilindəki sabitliyin pozulması halında ölkəni tərk etməyə hazırlaşırlar. Talibanın kəşfiyyat idarəsi bu şəxslərin Əfqanıstana buraxılıb-buraxılmaması, onların izlənməsi və ya ölkəyə girişlərinə qadağa qoyulması ilə bağlı rəhbərlikdən göstəriş istəyib.
Məlumata görə, Taliban daxili analizlər aparır, mühacir dalğasının qarşılanması üçün logistik imkanlar, siyasi risklər və humanitar nəticələr qiymətləndirilir.
Pakistan isə artıq hərəkətə keçib – 905 km-lik İran sərhəddində yerləşən 5 keçid məntəqəsini 15 iyun tarixindən etibarən bağlayıb. Məqsəd – mümkün miqrasiya axınının qarşısını almaqdır.
İranlı politoloq Yunus Şameli bildirib ki, İsrail rəhbərliyinin sərt ritorikası və ABŞ-da bəzi konqresmenlərin bəyanatları, İranda rejim elitlərini qaçış planları üzərində düşünməyə məcbur edir. Şameli qeyd edir ki, tarixdə də belə hallar olub – şahın, Baş nazir Şapour Bəxtiyarın və ilk prezident Əbülhəsən Bənisədrin ölkədən qaçışı. Amma bu dəfə əsas təhdid daxildən yox, xaricdən gəlir. İndi isə İran hava məkanını İsrail dronları nəzarətdə saxlayır, “Mossad” agentləri isə yerindəcə fəaliyyət göstərirlər.
Şameli hesab edir ki, KİVƏR rəhbərliyi Əfqanıstanı etibarlı sığınacaq saymır. Çünki Taliban hələ də qeyri-sabit tərəfdaş olaraq qalır və onların şiələrə qarşı tarixi düşmənçiliyi var. Əsas istiqamət kimi Moskva nəzərdən keçirilə bilər.
Eyni zamanda o, ehtimal edir ki, rejimin rəhbərliyi son ana qədər hakimiyyətdən yapışacaq və nəticədə qaçış şanslarını əldən verəcəklər. Bu isə onların gələcək hökumət tərəfindən mühakimə olunması ilə nəticələnə bilər.
Ekspert bildirir ki, İran rəhbərliyinin ritorikasında da dəyişiklik hiss olunur – artıq “İslam Respublikası” və “İslam İnqilabı” deyil, sadəcə “İran” qorunmalıdır deyilir. Bu, cəmiyyətin böyük bir hissəsinin – gənclər, qadınlar, ziyalılar və etnik azlıqların – İsrailin əməliyyatlarını dəstəkləməsi ilə bağlıdır.
Son olaraq, Yunus Şameli qeyd edib ki, əgər İranla danışıqlar Vilayət-e-Fəqih rejimini qoruyub saxlayarsa, bu, İsrail və region üçün təhlükənin daha da artmasına səbəb olacaq: “Əgər bu rejim ikinci dəfə fürsət əldə edərsə, İsrailə qarşı intiqam planları quracaq və xalqına qarşı repressiyaları daha da artıracaq”.
Natiq Səlim,
KONKRET.az