“Azərbaycanda tətbiqi nəzərdə tutulan “tam ştatlı müəllim” konsepti müəllimlərin əməkhaqqı sistemində mühüm dəyişikliklər etməyi hədəfləyir. Hazırda müəllimlərin maaşı əsasən dərs saatına görə formalaşır, bu isə onların məktəbdənkənar gördüyü hazırlıq, metodik fəaliyyət və fərdi işlərin nəzərə alınmamasına səbəb olur. Yeni modeldə isə müəllimin bütün iş günü ərzində gördüyü fəaliyyət iş vaxtı kimi qiymətləndiriləcək”.
Bu fikirləri təhsil eksperti Məzahir Məmmədli KONKRET.az-a açıqlamasında səsləndirib.

“Təhsil naziri bildirib ki, tam ştatlı modeldə müəllimin maaşı ölkə üzrə orta əməkhaqqından ən az iki dəfə yüksək olmalıdır. Bu, yeni konseptin müəllimlərin gəlirini artırmağa yönəldiyini göstərir. Eyni zamanda sistem sabit maaş prinsipi üzərində qurulduğu üçün müəllimlərin gəliri yalnız dərs yükündən asılı olmayacaq”.
Ekspert qeyd edir ki, bununla belə, yeni iş rejimi müəllimləri məktəbdə tam gün qalmağa məcbur etdiyindən bəzi əlavə öhdəliklər yaradır.
“Bu isə paralel işlə məşğul olan və ya ailə yükü daha ağır müəllimlər üçün çətinlik yarada bilər. Konseptin uğurlu tətbiqi məktəblərdə iş şəraitinin yaxşılaşdırılmasından da asılı olacaq.
Ümumilikdə, “tam ştatlı müəllim” modeli maaş artımı ehtimalı yüksək olan, lakin tam tətbiqi üçün müəyyən adaptasiya dövrü tələb edən bir sistem kimi qiymətləndirilir. 2027-ci ildən tez tətbiqi gözlənilmir”.
Aynurə İsmayıl
KONKRET.az
