Tanınmış media menecerləri Nur-Sultanda toplaşdıbackend

Tanınmış media menecerləri Nur-Sultanda toplaşdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə “Türk ölkələrində kütləvi informasiya vasitələri. Yeni şəraitdə əməkdaşlığın inkişafı” mövzusunda dəyirmi masa keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu görüş ilk olaraq XVII Avrasiya Media Forumu çərçivəsində təşkil edilib.

Dəyirmi masada türkdilli ölkələrdən tanınmış media menecerləri, habelə Macarıstan və Tacikistandan xüsusi dəvət olunmuş qonaqlar iştirak edib.

Tədbirə eləcə də Türkiyənin NTV kanalının xəbər xidmətindən Əhməd Yeşiltepe, Macarıstanın “Duna” televiziya şirkətinin direktoru İstvan Palffi, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Türkmənistan Dövlət İnformasiya Agentliyi baş direktorunun müavini Sakhemurad Kakışev, “Avesta” Tacikistan İnformasiya Agentliyinin rəhbəri Janatxon Kurbanova, tanınmış media nümayəndələri və ekspertlər qatılıb.

Toplantıya Qazaxıstan mediası sahəsində tanınmış jurnalist Sayat Jukenulı başçılıq edib.

Görüş zamanı media nümayəndələri türkdilli ölkələrin mediasının tanınmış simaları ilə ünsiyyət qurmaq imkanı əldə ediblər. Bu ölkələrin ən yaxşı media menecerləri iş təcrübələrini məlumatların əhəmiyyətli bir rol oynadığı müasir şəraitdə qazax həmkarları ilə bölüşüblər.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Fizuli Məcidli dəyirmi masada çıxış edərək bildirib ki, “Təxminən 140 il əvvəl, 1883-cü ildə böyük mütəfəkkir və publisist İsmayıl bəy Qaspıralı “Dil birliyi” şüarı altında “Tərcüman” qəzetini nəşr etməyə başlayıb. Ünsiyyətin çətin olduğu illərdə Türk dünyasına yayılan qəzet vahid informasiya məkanı yaratmaq üçün ilk təşəbbüs olub.

Bu gün dövlətlərimizdə inteqrasiya prosesi üçün çox işlər görülüb. Xalqlarımızın ortaq tarixi keçmişimizə əsaslanaraq ümumi gələcək qurmaq arzusu var.

Buna əsas nümunə kimi Qazaxıstanda keçirilən Avrasiya Media Forumunun uzun illərdir əhəmiyyətli bir qlobal platforma olmasını göstərmək olar. Bu platformanı çox faydalı hesab edirəm və inteqrasiya məqsədləri üçün istifadə olunmalıdır.

Daha əvvəl də qeyd etdiyim kimi, Türk Akademiyası türk dövlətlərinin və xalqlarının ortaq irsini öyrənməyi və təbliğ etməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə fundamental elmi əsərlər, lüğətlər, elmi, mədəni və coğrafi atlaslar nəşr edilib. “Atalar mirası” elektron portalı yaradılıb. Türk ölkələrində sosioloji sorğular aparan “Türkbarometr” layihəsi həyata keçirilir. Akademiya müxtəlif elmi və arxeoloji ekspedisiyalar təşkil edib və bu proses davam edir. Türk Akademiyasının rəsmi saytı, Telegram kanalı və sosial şəbəkələrdəki bütün rəsmi hesablar da bu məqsədə xidmət edir.

Eyni zamanda, elmi təşkilatlar, universitetlər və beyin mərkəzləri arasında əlaqələrin daha da intensivləşməsi üçün imkanlar var. Bütün bunlar ölkələrimizin informasiya siyasətinə xidmət edən vacib sahələrdir”.

İştirakçıların əsaslandırılmış fikirləri və mövzunun dərindən təhlili çoxdan gözlənilən Avrasiya media forumunun əhəmiyyətini artırıb.

Qeyd etmək lazımdır ki, forumun mövzusu son illərdə geosiyasət, texnologiya və etik standartlar sahəsində ortaya çıxan qlobal dəyişikliklər və meylləri əhatə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*