İstirahət mövsümünün tam ortasındayıq. Hər yerdə insanların asudə vaxtının səmərəli təşkili üçün bütün restoran və kafelər, əyləncə mərkəzləri belə demək mümkünsə, gücləndirilmiş iş rejimində çalışır. Bəzi işbazlar isə “yay fürsətləri”ni qaçırmadan bir qədər də “irəli gedir”. Əksəriyyətinin də məqsədi mövsümlə əlaqədar olaraq daha çox gəlir əldə etməkdir. Təəssüf ki, bəzən maddi maraqlarından ötrü qanunsuz hərəkətlərə də yol verirlər. Ayrı-ayrı bölgələrdə, xüsusən də paytaxt Bakıda belə hallarla bağlı kifayət qədər faktlar var.
KONKRET.az bu dəfə vətəndaş müraciəti ilə əlaqədar Bakıda yerləşən “Tantuni pilav” adlı restoranın qanunsuz fəaliyyətini araşdırıb.
Adının çəkilməsini istəməyən Bakı sakininin redaksiyamıza ünvanladığı məktubda deyilir:
“Zəhmət olmasa, yolunuzu N.Rəfibəyli küçəsi, 26A-da yerləşən, əvvəllər “Kitab passajı” adlanan, eyni zamanda, Rəsul Rzanın ev muzeyi olan binanın birinci mərtəbəsindəki “Tantuni pilav” lokantasına salın. Onsuz da darısqal olan arkanın həmin lokantanı işlədən işbazlar tərəfindən necə zəbt olunduğu görəcəksiniz. İnsanların intensiv gediş-gəliş yerində masalar qoyub, yolu bağlayib, hərəkətə mane olurlar. Vətəndaş mövqeyimi bildirdikdə isə “Pulumuzu verib, icazəmizi almışıq”, – deyərək saymazlıq edirlər”.
Vətəndaş onu da əlavə edir ki, uzun illərdir həmin ərazidə fəaliyyət göstərən adıçəkilən obyekt bir neçə həftədir arkanı “özününküləşdirib” və şəhərin mərkəzində belə bir halın qanuni olması inandırıcı deyil.
Redaksiyaya daxil olan fotoşəkillərdən də görünür ki, vətəndaş tam haqlıdır. Digər tərəfdən, insanların keçid kimi mütəmadi istifadə etdiyi ərazidə restoran xidməti göstərmək gigiyenik baxımdan da məqsədəuyğun deyil.
Məsələyə restoran rəhbərliyinin münasibətinə gəlincə, menecer Şahin Rəsulovla əlaqə saxladıqdan bir neçə saat sonra ərazidən stol və stulların yığışdırıldığı barədə məlumat verildi. Vətəndaşların narahatlığına heç bir səbəb qalmadığı bildirildi.
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən isə sorğumuza operativ olaraq belə cavab verildi ki, müraciət dərhal araşdırılıb və həmin ərazidə qeyri-qanuni quraşdırılmış masalar ərazidən yığışdırılıb.
Sevinc Paşayeva,
KONKRET.az
P.S. Məsələni nəzarətdə saxlayacağıq.