Sabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə tapşırıqla XİN-də işə götürdüyü şəxslərdən danışıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə APA TV-nin əməkdaşının “Nazir olduğunuz müddətdə qohumlarınızın və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisiniz?” sualını cavablandırıb.
“Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Kimi soruşsanız, görəcəksiniz. Bu, təbii məsələdir. Özü də pis uşaqlar deyil, hamısı savadlıdır. Deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub” – sabiq XİN başçısı suala cavab olaraq bildirib.
Bu nanəcibliyinə görə indi bekarlar klubunun nazirisən. Vaxtilə XİN-ə imtahan yolu ilə işə girmək arzusunda olan 1615 nəfərdən 80-dən yuxarı keçid balı toplayan cəmi 8 nəfərdən yalnız 6-sını işə götürdün. 2-sini isə müxtəlif bəhanələrlə işə qəbul etmədin. Və vicdanın da qıvrım saçlarının tükləri kimi qımıldanmadı da. Heç bir imtahansız, filansız vəzifəlilərin balalarını isə balaca Azərbaycanda xırdaca vəzifələrdən fövqəladə və səlahiyyətli səfirlərə qədər dırmaşdırmağı bacardın. Əkdiklərini indi biçirsən. Sənin kimi xarici işlər nazirinə görə Azərbaycanın xarici siyasəti bu gündədir.