Tarixin ən nəhəng neft  böhranı baş verə bilərmi? – OPEC baş katibinin fikirlərinə REAKSİYA – ÖZƏLbackend

Tarixin ən nəhəng neft böhranı baş verə bilərmi? - OPEC baş katibinin fikirlərinə REAKSİYA - ÖZƏL

OPEC-in baş katibi Məhəmməd Barkindo Avropa İttifaqının rəsmiləri ilə görüşdə bildirib ki, Rusiyaya qarşı sanksiyalar neft təchizatı sahəsində tarixin ən nəhəng böhranına səbəb ola bilər. Onun sözlərinə görə, Rusiya neftinin təchizatının dayanması nəticəsində üzləşdiyimiz itkini kompensasiya etmək mümkün olmayacaq.

Bəs görəsən baş katibin bu fikirləri öz təsdiqini tapa bilərmi? Neft bazarında ümumi vəziyyət necədir?

Mövzu ilə bağlı KONKRET.aza açıqlama verən enerji eksperti Zəfər Vəliyev neft-qaz sektoruna sərmayələrin həcminin azaldığını bildirib: “Məhəmməd Barkindo Rusiya neft və neft məhsullarının ixracında yaranmış problemə eyham vurub. Müharibədən əvvəl Rusiya gündəlik olaraq 4,6 milyon barel neft, 2,6 milyon barelədək isə neft məhsualları ixrac edirdi. Şimal qonşumuzun ixrac qabiliyyəti məhdudlaşdığına görə, neft bazarında bəzi dəyişiklikər baş verəcək və bu da neft qıtlığına səbəb olacaq. Müharibədən əvvəl ABŞ Vyana sazişinin iştirakçılarını hasilat həcmlərini artırmağa sövq edirdi. Mart ayının hasilat həcmlərinə fikir versək, görərik ki, Vyana sazişinə imza atan 19 dövlətdən 14-ü onlar üçün müəyyən olunan kvotalara əməl edə bilməyib. Bunun əsas səbəbi 2014-cü ildən sonra neft-qaz sektoruna yönələn sərmayələrin həcminin azalması ilə bağlıdır”.

Zəfər Vəliyev – Yenicag.Az

Ekspert bildirib ki, yeni yataqlar açılmadığına görə ehtiyat hasilat gücləri məhdudlaşır: “Bu mənada Məhəmməd Barkindonun dediklərində həqiqət var. Fikrimcə, bu il neft bazarında tələb-təklif balansını qoruyub-saxlamaq mümkün olacaq. Ukrayna müharibəsi Rusiyanın enerji daşıyıcılarına qarşı beynəlxalq qınaq səviyyəsini daha da ağırlaşdırıb. Həmçinin, İraq və İranın bazarlara kifayət qədər əlavə tədarük təqdim etmək imkanı var. Kommersiya təyinatlı ehtiyatlardan düzgün istifadə edilərsə, ilin sonuna kimi neft təchizatında ciddi problem olmayacaq. İndiki halda neft qiymətlərinə geosiyasi faktorların təsiri böyükdür. Lakin bu müharibə olmasaydı, belə neft bazarlarında qiymətlər yüksələcəkdi. Bu və gələn il ərzində qiymətlərin kəskin enəcəyi gözlənilmir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*