Tayvan Ukrayna Silahlı Qüvvələrinin pilotsuz döyüş katerlərindən istifadə təcrübəsini öyrənir və onların kütləvi istehsalına 2026-cı ildə başlamağı planlaşdırır.
KONKRET.az xəbər verir ki, bu barədə Taipei Shibao qəzeti məlumat yayıb.
Məlumata görə, layihə üzərində iş Tayvanın Çjonqşan Elm və Texnologiya İnstitutu (NCSIST) tərəfindən aparılır. İlkin mərhələdə iki prototipin hazırlanmasına 812 milyon Yeni Tayvan dolları (təxminən 25,14 milyon dollar) ayrılıb. Operatorlar real vaxt rejimində kameralardan video görüntülər alaraq 70 km-ə qədər məsafədə olan qayıqları uzaqdan idarə edə biləcəklər.
Qurğular patrul xidməti, düşmənin suüstü gəmilərinə hücumların həyata keçirilməsi, həmçinin dəniz minalarının və sualtı qayıqların axtarışı üçün geniş spektrli tapşırıqları yerinə yetirəcək.
Qeyd edək ki, sınaqlar başa çatdıqdan sonra pilotsuz qayıqların seriya istehsalına başlanacaq.
Ariz Həsənoğlu,
KONKRET.az