Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiyanın Lipetsk vilayətində yerləşən və pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalan “Energiya” zavodu barədə mühüm açıqlama verib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, “Energiya” zavodu Rusiya Müdafiə Nazirliyi üçün kritik hərbi komponentlərin istehsalında mühüm rol oynayır. Müəssisədə PUA-lar, aviasiya, donanma və radiotexnika üçün akkumulyatorlar, eləcə də rabitə, idarəetmə sistemləri, radioelektron mübarizə (REM) və raket kompleksləri üçün simulyatorlarda istifadə edilən litium-ion və civə-çinko batareyalar istehsal olunur. Bundan əlavə, zavod Müdafiə Nazirliyi üçün elektro-kimyəvi kondensatorlar və enerji xətləri çəkmədən muxtar enerji təminatını həyata keçirən işıq-optik enerji qurğuları da hazırlayır.
Kovalenko bildirib ki, zavod yalnız Müdafiə Nazirliyi ilə deyil, həm də “Roskosmos”, Rusiya Daxili İşlər Nazirliyi, FSB, Fövqəladə Hallar Nazirliyi və “Qazprom” kimi dövlət qurumları ilə də əməkdaşlıq edir. Burada hazırlanan məhsullar “İskəndər” və “Kinjal” kimi raketlərin istehsalında da istifadə edilir.
Qeyd olunur ki, “Energiya” zavodu ABŞ, Aİ, Yaponiya və digər ölkələrin sanksiyaları altındadır. Lakin buna baxmayaraq, müəssisə indiyədək fəaliyyətini davam etdirirdi. Son hücumdan sonra isə zavodun fəaliyyəti rəsmi olaraq dayandırılıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az