
Bir qrup insan var ki, sırf tamaşaçı zövqünə təcavüzlə məşğul olur. Televiziyalara birbaşa nifrət toxumu səpirlər. Sanki insanları özlərinin istədiyi tərəfə, məsələn, qaydasız döyüş məkanı olan sosial şəbəkələrə yönləndirirlər. Hamımız da baxır, dinləyir, ən yaxşı halda dodağımızın altında “rəhmət” oxuyuruq, vəssalam. İçi mən qarışıq, bir nəfər tapılmır ki, o daşı, ya da pianonu geydirsin elzaların təpəsinə. Elzanın gic-gicə saç düzümünə verdiyi məbləğ mənim bir ildə yığdığım və əllərim əsə-əsə hamamımı düzəldən ustaya verdiyim pul qədərdir, o da hamam axıdır, Elzanın başı kimi. Fəlakətdir, vallah. Biz televiziyaya tamaşa edəndə əsəbləşirik, gör, Elzanı müşaiyət edən o qılı-qıla sürtən skripkaçılar ordusu nə çəkir?