Azərbaycanda təqaüdçülərə nəqliyyat, vergi və ya bayram bonusları kimi əlavə güzəştlərin edilməməsi tez-tez gündəmə gəlir. Bəs görəsən, bunun səbəbləri nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu sahədə müəyyən təcrübə olsa da, tətbiqində problemlər üzə çıxıb.
Ekspertin sözlərinə görə, əvvəllər təqaüdçülərə kommunal və nəqliyyat xidmətlərindən güzəştlə istifadə imkanı yaradılıb. Lakin bu zaman saxtakarlıq halları artıb, eyni zamanda xidmətləri göstərən özəl sektorla dövlət arasında ziddiyyətlər meydana gəlib:
“Əgər güzəşti dövlət edirsə, onun xərclərini qarşılaması vacibdir. Amma təcrübədə həmin xərclər özəl sektorun üzərinə düşürdü ki, bu da sosial münasibətlərdə gərginlik yaradırdı. Ən şəffaf model dövlətin hesablamalar apararaq vəsaiti birbaşa vətəndaşlara ödəməsi, onların isə xidmətlərdən tam normal şəkildə istifadə etməsidir”.
Həsənov qeyd edib ki, Azərbaycanda 2016-cı ildən məhz bu metod tətbiq olunmağa başlayıb. Məsələn, müharibə iştirakçılarına nəqliyyat və kommunal güzəştlər əvəzində aylıq ödənişlər müəyyən olunub.
Vergi güzəştləri məsələsinə də toxunan ekspert deyib ki, burada ədalətlilik prinsipi önəmlidir:
“Əgər təqaüdçü həm pensiya alır, həm də işləyirsə və ya sahibkardırsa, əlavə vergi güzəşti onun gəlirlərində bərabərsizliyi artırar. Daha məqsədəuyğun variant təqaüdçülərə mənzil şəraitinin yaxşılaşdırılması üçün dəstəyin göstərilməsidir. Məsələn, daşınmaz əmlak alarkən ƏDV-nin sıfır dərəcə ilə tətbiqi birbaşa rifaha təsir göstərə bilər”.
Bayram bonuslarına gəlincə, Rəşad Həsənov bildirib ki, bu, büdcədən maliyyələşən və Prezidentin fərmanı ilə təsdiqlənən mexanizm əsasında mümkündür. Müharibə iştirakçılarına müxtəlif illərdə belə ödənişlər edilib. Lakin bütün təqaüdçülərə bayram əlavəsi verilməsi təcrübəsi yoxdur:
“Əslində bu, faydalı ola bilər. Çünki bayram dövrlərində bütün sosial qrupların xərcləri artır. Təqaüdçülərə dəstək məqsədilə belə əlavələrin ödənilməsi məqsədəuyğundur. Amma diferensial yanaşma vacibdir. Orta aylıq pensiya məbləğindən aşağı alanlara şamil edilməsi daha ədalətli olar. Yüksək pensiya alanlara əlavələrin verilməsi isə gəlir bərabərsizliyini daha da artırar”.
Ekspert hesab edir ki, gələcəkdə bayram ödənişləri və digər güzəştlərin tətbiqi dövlət büdcəsi imkanlarına uyğun olaraq nəzərdən keçirilə bilər.
Aynurə İsmayıl
KONKRET.az