“Nikol Paşinyan növbə ilə Türkiyənin ilkin şərtlərini yerinə yetirir və ya onların yerinə yetirilməsi üçün addımlar atır. Bu ilkin şərtlər sonsuzdur və dövlətimizin süqutu üçün irəli sürülür”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan vurğulayıb.
“Qarabağdan sonra Türkiyə qardaşı Azərbaycanla birlikdə başqa tələblərə keçdi. Ermənistana azərbaycanlıların məskunlaşdırılması məsələsi dövriyyəyə buraxılıb, dövlət səviyyəsində “Qərbi Azərbaycan” mövzusu müzakirə olunur, sərhədlərin delimitasiyası adı altında Ermənistandan birtərəfli güzəştlər istənilir.
Türkiyənin daha bir tələbi “Erməni soyqırımı” ilə bağlıdır. Paşinyan hökuməti faktiki olaraq bu mövzunu müzakirə etməkdən imtina edib: soyqırım məsələsi unudulub.
Yeri gəlmişkən, ictimai-siyasi-informasiya müstəvisində ərazilərlə bağlı təhlükəsizlik məsələləri fəal şəkildə müzakirə olunur, lakin Paşinyan Türkiyənin tələbi ardıcıl olaraq Metsamor AES-in bağlanması yolu ilə gedir.
Nikol xalqı Qərbin iştirakı ilə yeni enerji bloku tikməyin mümkün olacağı barədə nağılları ilə aldatmağa çalışır və AES-i bağlamaq addımlarını ört-basdır etməyə yönəlib.
Atom elektrik stansiyası ilə bağlı Rusiya ilə danışıqların qəsdən pozulması Paşinyanın aldığı tapşırıqlardan biridir. Bu sərəncamlar arasında Qarabağın təslim edilməsi, ərazilərin Ermənistana verilməsi, Ermənistan-Rusiya münasibətlərinin kəsilməsi, Ermənistan-İran münasibətlərinin pisləşməsi var idi.
Atom elektrik stansiyasının idarə edilməsi tezliklə ciddi problemlərlə üzləşəcək. Enerji böhranı Ermənistanın qapısını döyür ki, bu da bizim təhlükəsizliyimizə ərazi güzəştlərindən az təsir göstərməyəcək.
Paşinyan hakimiyyəti ardıcıl olaraq dövlətçiliyi məhv edir. Təhlükəsizlik məsələlərində sonsuz və birtərəfli güzəştlər siyasəti aparılır, ölkə daxilində infrastruktur iflic vəziyyətindədir.
Sadə vətəndaşlar infrastrukturun idarə edilməsinin keyfiyyətinin kəskin şəkildə aşağı düşdüyünü hiss edirlər. Su və enerji təchizatı biabırçı vəziyyətdədir. Bu, zəif idarəetmə, səliqəsizlik və cəhalətin birləşməsidir.
Bu isti İrəvan günlərində su və enerji təchizatında vaxtaşırı fasilələr oyunun qaydasına çevrilib və bizi 90-cı illərə aparır.
Paşinyan hakimiyyəti bütün sahələrdə uğursuzluğa düçar olub. Müharibədən əvvəl əsas versiya bütün bunların axmaqlığın nəticəsi idisə, xüsusən 2022-ci il oktyabrın 6-dan sonra xəyanət və qəsdlilik versiyası üstünlük təşkil etdi. Türkiyənin ilkin şərtlərinin yerinə yetirilməsinin bir hissəsi də elə məhz bu idi”.
Günel Mikayılova,
KONKRET.az