DTX-dən imtahanlarla bağlı əməliyyat – Saxlanılanlar varbackend

DTX-dən imtahanlarla bağlı əməliyyat - Saxlanılanlar var

Son dövrlər ölkədə ali məktəblərə qəbul imtahanları zamanı qeydə alınan texnoloji fırıldaqlar cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu hadisələr tək-tək şəxslərin fərdi saxtakarlığından daha çox, təşkilatlanmış, peşəkar səviyyədə qurulmuş texnoloji cinayət şəbəkəsinin mövcudluğunu üzə çıxarır.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsində ekspert Osman Gündüz bildirib. O, bildirib ki, əvvəllər imtahan zamanı texniki vasitələrdən istifadə edənlər azlıq təşkil etsə də, bu gün həmin proseslər sistemli şəkildə “xidmət” halını alıb və təşkilatlanmış bir fəaliyyət növünə çevrilib.

Mütəxəssis qeyd edib ki, tələb varsa, təklif də formalaşır. Bu gün imtahan zamanı uğur qazanmaq istəyən şəxslərə “gizli texnologiya paketi” adı altında müxtəlif vasitələr təklif olunur – mikroqulaqcıq, mikrokamera, mini telefon, naqillər, Mi-Fi routeri və digər avadanlıqlar artıq adi hala çevrilib. Məlumata görə, məhz bu cür “xidmət” göstərən bir şəbəkənin üzvləri Dövlət İmtahan Mərkəzinin müşahidələri və rəsmi müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir və bəzi abituriyentlərin nəticələri ləğv olunub.

Osman Gündüz qeyd edib ki, bu hadisə göstərir ki, bəzi texniki biliklərə malik şəxslər öz bacarıqlarını dövlətə və cəmiyyətə xidmət etmək əvəzinə, cinayət məqsədilə istifadə edirlər. Mütəxəssis hesab edir ki, artıq məsələ fərdi fırıldaqçılıq səviyyəsini keçərək, kütləvi və pullu şəkildə təşkil olunmuş texnoloji cinayət modelinə çevrilib. İmtahanda iştirak edən şəxslər xidmət alırmış kimi texniki dəstək paketi əldə edirlər.

Ekspert əlavə edib ki, müşahidə kameraları və süni intellekt sistemləri vasitəsilə qeyri-adi davranışlar – qulağa tez-tez toxunmaq, paltarda axtarışlar aparmaq, süni jestlər və səslər vasitəsilə bu cür şəxslər ifşa olunub. Bu isə prosesin nə qədər inkişaf etdiyini və sistemli şəkildə həyata keçirildiyini göstərir.

Osman Gündüz vurğulayıb ki, texniki və texnoloji biliklərə sahib gənclərin cinayətə cəlb olunması cəmiyyət üçün təhlükəli tendensiyadır. Qeyd edib ki, bir neçə gün öncə kibercinayət törətmiş bacarıqlı bir gəncin məhkəməsi də gündəmi zəbt etmişdi.

Mütəxəssis sonda çağırış edib ki, dövlət qurumları, ictimaiyyət və xüsusilə təhsil və innovasiya sahəsində fəaliyyət göstərən təşkilatlar səfərbər olmalı, texnoloji potensiala malik gəncləri cinayətdən çəkindirmək və bu bilikləri ölkənin inkişafına yönəltmək üçün müvafiq strategiyalar hazırlamalıdır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*