Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi populyar meqastar Teylor Sviftin atası Skott Sviftin paparatsiyə təcavüz etməsinə dair iddianı araşdırır.
KONKRET.az Britaniya mediasına istinadən bildirir ki, qarşıdurma çərşənbə axşamı Skott və Teylor Sviftlər yaxtadan endikdən sonra baş verib.
51 yaşlı Ben Makdonald iddia edib ki, meqastarın atası Sidney limanında onun üzünə vurub, amma tibbi yardıma ehtiyacı olmayıb. O, qeyd edib ki, atasının hücumu zamanı müğənni artıq avtomobilində olub.
Fotoqraf bildirib ki, insidenti təhrik edəcək hərəkətə yol verməyib: “23 ildir bu işlə məşğulam və kiminsə məni döydüyü vəziyyətə düşməmişəm”.
Müğənninin sözçüsü hücum iddiasına toxunmayıb, amma iki nəfərin onlara qarşı aqressiv davrandığını söyləyib.
Xatirə SADİQ,
KONKRET.az