Tibb təhsili uzun və bahalı proses hesab olunur. Maraqlıdır, gələcəkdə tibb təhsilinin müddəti azaldıla bilərmi?
Mövzu ilə bağlı həkim-terapevt Günay Lətifova KONKRET.az-a açıqlamasında bildirib ki, bu sahədə təhsil prosesi dünyada hər zaman uzun olub və gələcəkdə də azaldılması real görünmür.
Onun sözlərinə görə, tibb universitetinə daxil olan hər kəs ömürlük oxumaq öhdəliyi götürdüyünü bilməlidir:
“Çünki tibb daim inkişaf edir, yeni texnologiyalar, metodlar ortaya çıxır. Həkimlər istər ölkədaxili, istərsə də beynəlxalq konfranslara qatılaraq biliklərini artırırlar. Hər 5 ildən bir keçirilən sertifikasiya imtahanı da bunun bariz nümunəsidir”.
Həkim vurğulayıb ki, Avropa ölkələrində də, məsələn, Almaniyada təhsil prosesi uzun çəkir, bəzi postsovet ölkələrində isə rezidentura sistemi yoxdur.
Günay Lətifova əlavə edib ki, Azərbaycanda tibb təhsilinin maliyyə yükü ailələr üçün ağırdır:
“Minimal əməkhaqqının 400 manat olduğunu nəzərə alsaq, ailədə yalnız bir nəfərin işləməsi fonunda təhsil haqqını qarşılamaq çox çətindir. Ümid edirəm ki, bu istiqamətdə də tədbirlər görüləcək, çünki bizim savadlı gənclərə və peşəkar həkimlərə ehtiyacımız var”.
Aynurə İsmayıl
KONKRET.az