“Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək”backend

"Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək"

“Büdcə haqqında layihə müzakirəyə çıxarılan gündən biz bununla bağlı mövqeyimizi bildirmişik. Ümumiyyətlə, icbari tibbi sığortaya ayrılan məbləğin üçdə bir azaldılmasının əleyhinəyik. Məbləğ 960 milyona endirilib, yəni təxminən 30-34% azaldılıb. Bunun nəticəsində də işsiz adamlar icbari tibbi sığortadan kənarda qalıb. Bu, təkcə səhiyyə sahəsində geriləmə deyil, həm də cəmiyyətin aztəminatlı təbəqəsinin sağlamlıq vəziyyətinin pisləşməsi, yaşam səviyyəsinin aşağı düşməsi deməkdir”.

KONKRET.az xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

O bildirib ki, icbari tibbi sığorta yalnız pul ödəyənlərə xidmət edir:

“Minlərlə insan qeyri-rəsmi işləyir və rəsmi olaraq işsiz sayılır. Həmçinin iş tapa bilməyən gənclər, orta yaşlılar da var. Bu insanlar tibbi xidmətdən kənarda qalacaqlar. Məcbur qalıb bahalı klinikalara və ya dövlət xəstəxanalarına müraciət etməli olacaqlar ki, bu da onların büdcəsinə böyük zərbədir. Dövlət vətəndaşına müştəri kimi baxmamalıdır. Vətəndaş dövlətin ailə üzvü kimidir. Amma yeni büdcə layihəsində dövlət vətəndaşlara pul mənbəyi kimi baxır. Biz bunun əleyhinəyik”.

Sədr deyib ki, tibbi sığortadan kəsilən 400 milyon başqa xalq yönümlü sahələrə yönəldilməyəcək:

“Əksinə, bu pul korrupsiya və lüzumsuz xərclərə gedəcək. Məsələn, keçən ilin büdcəsində dövlət müəssisələrinin rabitə və nəqliyyat xərcləri 521 milyon manat idi. Amma tibbi sığortaya ayrılan vəsait bu qədər deyildi. Bu büdcənin sosial yönümlülüyü yoxdur, tamamilə kapitalist yanaşması ilə hazırlanıb. Biz partiya olaraq əleyhinəyik və digər partiyalara da çağırış etmişik ki, bu layihəyə səs verməsinlər. Əvvəlcə dəyişikliklər edilsin, sonra qəbul edilsin”.

Qeyd edək ki, yeni layihəyə əsasən, 2026-cı ildən etibarən işsiz insanlarda illik icbari tibbi sığorta ödənişi etməli olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*