Tovuz rayonunda qətlə yetirilən şəxs uzun müddət müxtəlif vəzifələrdə çalışıb.
KONKRET.az xəbər verir ki, Report hadisə ilə bağlı bəzi təfərrüat öyrənib.
Məlumatına görə, hadisədən əvvəl 1947-ci il təvəllüdlü Qamət Əliyev və oğlu, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev Bakı şəhərindən rayonun Hunanlar kəndində olan evlərinə gediblər.
Onlar yolda olan zaman qohumları Rasim Quliyevə zəng edərək evin sobasını yandırmasını və yemək-içmək hazırlamasını xahiş ediblər.
Ata və oğlu evə çatana qədər qohumları süfrəni hazırlayıb. R.Quliyevə də əyləşib yemək yeməsi təklif olunub, lakin o, mal-qaraya baxmalı olduğunu bildirib və evdən çıxaraq gedib.
Hadisə zamanı evdə C.Əliyevlə atası Q.Əliyev ikisi olub. R.Quliyev isə güllə səsini eşitdikdən sonra yenidən ora qayıdıb. O, evin həyətində C.Əliyevi görüb və nə baş verdiyini soruşub. Ceyhun cavabında atasını “Vinçestr” silahı ilə güllələdiyini deyib.
Q.Əliyev sinəsindən 5 güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə özü polisə zəng edərək cinayət hadisəsini törətdiyini bildirib.
Ata və oğul arasında daha əvvəl ciddi münaqişənin olmadığı bildirilir.
C.Əliyev ailəli olub, 2 övladı var. Onun övladlarından biri 10-15 gün öncə dünyaya gəlib. C.Əliyevin psixoloji problemləri olduğu, onun bir müddət Maşdağa qəsəbəsində yerləşən psixiatriya xəstəxanasında müalicə aldığı bildirilir.
Qətlə yetirilən şəxs uzun müddət Bakı şəhərində “Avtobaza”nın, “Taksi Park”ın və Təchizat idarəsinin müdiri vəzifələrində çalışıb. Onun iki oğlu və bir qızı var.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
***
09:32
Tovuzda qətl hadisəsi baş verib.
KONKRET.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayonun Hunanlar kəndində qeydə alınıb.
Kənd sakini 1947-ci il təvəllüdlü Qamət Əliyev oğlu 1980-ci il təvəllüdlü Ceyhun Əliyev tərəfindən odlu silahla qətlə yetirilib. Hadisəni törədən 1980-ci il təvəllüdlü Ceyhun Əliyev şübhəli bilinir.
C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.