ABŞ prezidenti Donald Tramp “əbədi prezidentlik” mövzusunda zarafatla eyham vuran qısa video yayımlayıb.
KONKRET.az xəbər verir ki, video Trampın öz sosial platforması olan Truth Social hesabında dərc edilib.
Kadrlarda 2018-ci ilə aid “Time” jurnalının bir üz qabığı əks olunur. Orada Trampın prezidentlik illərini göstərən lövhəciklər ardıcıl düzülüb – 2024-cü ildən başlayaraq. Videoda sonuncu lövhəcikdə əvvəlcə 2044-cü il yazılıb, sonra isə bu tarix animasiya effekti ilə dəyişməyə başlayır – rəqəmlər artır, zaman sürətlə keçir və axırda “4eva” (ingiliscə forever, yəni “əbədi”) sözündə dayanır.
Videonun fonunda isə norveç bəstəkarı Edvard Qriqin məşhur “Per Günt” süitasının gərginlik dolu “Dağlar kralının mağarasında” adlı kulminasiya hissəsi səslənir – dramatik və artan gərginliklə videoya əlavə emosional çalar verir.
Video zarafat formatında təqdim olunsa da, Trampın belə paylaşımlar vasitəsilə həm ictimai diqqəti cəlb etdiyi, həm də öz tərəfdarlarına mesaj verdiyi müşahidə olunur. Bu tipli simvollarla dolu materiallar Trampın mediada diqqət mərkəzində qalma üsullarından biridir və onun populist siyasi ritorikasına tam uyğun gəlir.
KONKRET.az