“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasında keçirilən görüş Ankara-Vaşinqton münasibətlərində yeni bir səhifənin açılması kimi qiymətləndirilir. Görüş, Yaxın Şərqdə dəyişən geosiyasi reallıqlar və beynəlxalq təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət daşıyır”.
Bu fikirləri politoloq Rizvan Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib:
“Hazırda Yaxın Şərqdə yeni geosiyasi düzən formalaşır. Əvvəlki dövrlərdən fərqli olaraq, indi dəfə Türkiyə bu prosesin əsas oyunçularından biri kimi çıxış edir. Yaxın Şərqdə Türkiyənin iştirakı olmadan heç bir siyasi və ya təhlükəsizlik arxitekturası qurula bilməz. Bu kontekstdə ABŞ rəhbərliyi, NATO və Avropa İttifaqı ölkələri Türkiyə ilə əməkdaşlığı daha da dərinləşdirməyə çalışacaq. Məqsəd həm regional təhlükələrin qarşısını almaq, həm də Yaxın Şərqdəki maraqları təmin etməkdir”.
Politoloq görüşün həm də Türkiyə-ABŞ münasibətlərindəki ziddiyyətlərin azaldılması və mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Ekspert hesab edir ki, Ərdoğan-Tramp təması iki ölkə arasında soyuq münasibətlərin yerini daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığa verəcəyi ehtimalını artırır.
Müşviq Tofiqoğlu
KONKRET.az