ABŞ prezidenti Donald Tramp Yaxın Şərq səfərinin son dayanacağında verdiyi açıqlamalarla diqqət çəkib. Tramp, Rusiya prezidenti Vladimir Putinlə tezliklə görüşəcəyini və qarşıdakı 2-3 həftə ərzində dünyanın daha təhlükəsiz yerə çevriləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Yaxın Şərq turnesini başa vurduqdan sonra ölkəsinə dönəcəyini deyən Tramp, İstanbulda keçirilən Rusiya-Ukrayna sülh danışıqlarına da toxunub: “Hər kəs (Rusiya prezidenti Vladimir) Putinin gedəcəyini söylədi. Mən isə “Əgər getməsəm, Putinin getməyəcəyinə zəmanət verirəm” dedim və o, getmədi”, – deyə Tramp qeyd edib.
Putinlə görüş vaxtı barədə suala cavab verərkən Tramp zarafatla bildirib: “Əslində buradan gedəcəkdim, çünki gözəl nəvəmi görmək istəyirəm”. O əlavə edib ki, görüş ən qısa zamanda təşkil olunacaq. Tramp səfərini “inanılmaz” adlandırıb, lakin “evə qayıtmağın vaxtı çatdığını” da vurğulayıb.
Səfəri zamanı ABŞ-ın Occidental neft şirkətinin rəsmiləri və Exxon Mobil Korporasiyası tərəfindən qarşılanan Tramp, Abu Dabi Milli Neft Şirkətinin rəhbəri Sultan Əl Cabirdən maraqlı bir hədiyyə alıb. Əl Cabir ona tərkibində bir damla neft olan suvenir təqdim edib. Tramp isə zarafatla, “Bu, planetin ən keyfiyyətli neftidir. Mənə cəmi bir damcı verdilər, ona görə də çox həyəcanlanmıram”, – deyə cavab verib.
Aynurə İsmayıl
KONKRET.az