ABŞ prezidentliyinə namizəd Donald Tramp “Rusiya Ukraynanı mənim hakimiyyətim dövrümdə işğal etsəydi, Moskvanı bombalayardım” açıqlaması ilə gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Nəşrin iddiasına görə, Donald Tramp bu fikri seçkiqabağı kampaniyası zamanı özəl tədbirlərin birində deyib. Bu açıqlama onun seçkiqabağı kampaniyasının bəzi donorlarını təəccübləndirib.
Jurnalistlər əlavə edirlər ki, ümumiyyətlə, Tramp seçkiqabağı tədbirlər zamanı xarici siyasətdən, mitinqlərdə müzakirə etdiyi mövzulardan, yəni inflyasiya və immiqrasiyadan danışır.
Trampın mətbuat katibi Karolina Levitt hesab edir ki, Holivudda və Silikon Vadisində Co Baydenin tərəfdarları Baydenin fəlakətli kampaniyasını dəstəkləməkdən çəkindikcə, bütün ölkə üzrə donorlar Trampın yenidən prezident seçilməsi üçün səylərini artırırlar. Çünki onlar Tramp tərəfdarlarının Co Baydenin daha dörd illik qorxunc siyasətinə imkan verməyin faydasızlığını başa düşürlər.
Xatırladaq ki, Rusiya 2014-cü ildə Ukraynanın Donbas və Krım bölgələrini işğal edib. O zaman ABŞ-nin dövlət başçısı demokratların təmsilçisi Barak Obama idi. ABŞ prezidenti Donald Tramp isə 2017-ci ildə hakimiyyətə gəldi. Amma 2021-ci ilədək davam edən prezidentliyi dövründə Donald Tramp Ukrayna torpaqlarının işğaldan azad olunması faktı qarşısında səssiz qaldı.
Xatirə SADİQ,
KONKRET.az