“Vaşinqtonda baş tutacağı gözlənilən görüş real sülh sazişinin imzalanması mərhələsi kimi qiymətləndirilə bilər.”
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev Trampın Əliyev və Paşinyanla Vaşinqtonda mümkün görüşünü şərh edərkən səsləndirib. Onun sözlərinə görə, əgər görüş baş tutarsa, çox mühüm qərarların qəbul olunması mümkündür.
“Görüşlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Amma ehtimal olunur ki, bu dəfə sülh müqaviləsinin imzalanması məsələsi öz həllini tapa bilər. Ümumilikdə Azərbaycan və Ermənistan arasında sazişin imzalanması üçün ciddi maneələr qalmayıb. Demək olar ki, əsas razılaşmalar əldə olunub,” – deyə politoloq bildirib.
Əmrəliyevin sözlərinə görə, sənədin dəqiq məzmunu ictimaiyyətə məlum deyil, lakin onun Azərbaycanın maraqlarına uyğun olacağı gözlənilir:
“Bu da təbiidir. Çünki Azərbaycan müharibədə qalib gələn tərəfdir və bölgədə tamamilə yeni geosiyasi vəziyyət formalaşdırıb. Sülh müqaviləsinin Azərbaycanın xeyrinə imzalanması ədalətlidir və regionun gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir.”
Politoloq əlavə edib ki, sənədin imzalanması Cənubi Qafqazda sülh və sabitliyə töhfə verəcək, yeni bir mərhələnin başlanmasına yol açacaq. Bu mərhələdə Azərbaycan, Ermənistan və Gürcüstan arasında mühüm regional tərəfdaşlıq layihələrinin icrası gündəmə gələ bilər.
“Sülh sazişi imzalandıqdan sonra münasibətlər tam normallaşmasa da, mərhələli şəkildə irəliləyiş gözlənilir. Enerji, nəqliyyat və diplomatik əlaqələrin qurulması istiqamətində ciddi addımlar atıla bilər. Ən çətin məsələ isə cəmiyyətlər arasında etimadın bərpası olacaq,” – deyə Əmrəliyev vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az