ABŞ Dövlət katibi Marko Rubio, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə telefon danışığında avqust ayını İranla nüvə sazişinə nail olmaq üçün son tarix kimi müəyyən ediblər. Maraqlıdır, bu hadisələr fonunda Rusiya və Çin kimi oyunçuların mövqeyi necə dəyişə bilər? Onlar bu danışıqlara hansı formada təsir göstərəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ bu siyasətlə İrana qarşı həm təzyiq, həm də açıq qapı siyasəti həyata keçirir:
“Bu siyasət Donald Trampın prezidentliyi dövründəki yanaşmanı xatırladır. ABŞ bir tərəfdən İrana qarşı sərt mövqe tutur, digər tərəfdən isə sanksiyaların ləğvini gündəmə gətirir. Məqsəd isə Tehranı masa arxasına oturtmaqdır. ABŞ eyni zamanda Avropa ölkələrini də bu prosesə cəlb etməyə çalışır. Sanksiyalar sərtləşəcəksə, Avropanın da bu prosesə qatılması, əgər yumşaldılacaqsa, yenə də Avropa ilə birlikdə addım atılması nəzərdə tutulur.”
Politoloq qeyd edib ki, Rusiya və Çinin bu danışıqlara ciddi reaksiya verəcəyi ehtimalı azdır:
“Çin müəyyən təzyiqlər göstərə bilər, amma Rusiyanın bu məsələyə açıq müdaxilə edəcəyini düşünmürəm. İranın xarici işlər naziri Abbas Araqçı Moskvaya səfərində Ayətullah Əli Xameneinin məktubunu Vladimir Putinə çatdırmışdı. Məktubda Xamenei narazılığını ifadə etsə də, Rusiya 12 günlük müharibədə İranı müdafiə etmək üçün addım atmadı. Hazırda Rusiya Ukrayna müharibəsinə fokuslanıb və ABŞ-la danışıqları davam etdirdiyi üçün İrana görə Qərblə münasibətlərini tam pozmaq istəmir.”
Ekspertə görə, Tehran üçün seçim imkanları mövcuddur və bu mərhələdə qərar verən əsas tərəf də İran olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az