İndi turizm mövsümünün qızğın çağıdır və minlərlə insan istirahət üçün əsasən dağ rayonlarına üz tutur. Daha çox şənbə və bazar günləri insanlar istirahələrini ölkənin dağ rayonlarında keçirmək üçün həmin məkanlara axın edir.
İstirahət üçün seçilən məkanlar bir qayda olaraq respublikanın şimal, şimal-qərb rayonlarıdır. Cənub regionuna və qərb bölgəsinə də turist axını müşahidə olunur. Deməli, hər kəs cibinə uyğun məkan seçir və bir neçə gün şəhərin gurhagurundan uzaq durmaq üçün təbiət qoynuna çəkilir.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycan insanı da boş vaxtını səmərəli keçirmək üçün istirahət məkanlarına tələsir. Amma xarici ölkələrdən fərqli olaraq Azərbaycan vətandaşları öz ölkəsində fərqli mənzərə ilə rastlaşır. Üz tutduqları istirahət mərkəzləri sanki eyni qanunla idarə olunur. Sahibkarların hamısının şüarı eynidir: qiymətləri bazar müəyyənləşdirir.
Amansız kapitalizmin diqtə etdiyi bazar isə vətəndaşın cibinə uyğun olmadığından müştəri çıxdığı səfərdən qanı qara dönür. İstirahət üçün üz tutduğu məkanlarda bir gecəlik otaq 100-150 manata təklif olunursa, üstəlik, yeməyə iki dəfə ondan çox pul xərcləyirsə, vətəndaş istirahətdən necə məmnun qala bilər?
Məsələ ondadır ki, həmin obyekt sahiblərinin özlərinin müəyyən etdiyi qiymətlər müxtəlif vaxtlarda müxtəlif cür dəyişir. Yarım kiloqram ətdən hazırlanan kababa 200 manat qiymət qoyan kafe sahibləri isə müştərilərə baxıb əldə etdikləri qazancın kefini çıxarırlar.
Əslində, bu məsələdə aidiyyəti qurumlar işə qarışmalıdır. Gecələmək üçün bir otağı 100-150 manata təklif edən sahibkardan hesab sorulmalıdır. Müştərini çıxılmaz vəziyyətdə qoyub qazandığı gəlirin vergisinin haqq-hesabı sahibkarın canından çıxarılmalıdır. Üstəlik, bir çaynik çayı 20-30 manata satan çayxana sahibinin həmin məbləğdən nə qədər vergi verməsi sorğulanmalıdır. Antisanitar vəziyyətin hökm sürdüyü məkanlar isə başqa nağılın mövzusudur.
Yüzlərlə neqativ halların baş verdiyi turizm məkanlarında bir qrup adam qaz vurub-qazan doldurur. Daha doğrusu, açıq- aşkar vətəndaşın cibinə girirlər. Müştərilər bu dəhşətli mənzərənin onlarda yaratdığı mənfi əhval-ruhiyyə ilə “istirahət”lərini birtəhər başa vurub geri qayıdanda Allaha min dəfə dua edirlər. Dua edirlər ki, bir qrup dələduzun yaratdığı əsəb gərginliyindən vaxtında xilas ola biliblər. Ümumiyyətlə, bu gün Azərbaycan turizm sektorunda vəziyyət dözülməzdir.
KONKRET.az-a mövzu ilə bağlı fikirlərini bölüşən turizm üzrə ekspert Ceyhun Aşurov da hazırda bu sahədə gedişatın heç də ürəkaçan olmadığı qənaətindədir:
“Vətəndaşların da, turistlərin də ara-sıra şikayətlərini eşidirik. Müştərilər qiymətlərin yuxarı olmasından, xidmət səviyyəsinin isə qiymətlərə uyğun olmamasından şikayət edirlər. Hətta elə yerlər var ki, normal xidmət göstərə bilmir. Bəzən müştəri antisanitar vəziyyətlərlə rastlaşır. Bu, tez- tez rast gəlinən və müştərilərin narazılığına səbəb olan məsələdir”.
Ekspert bildirib ki, bu sahə müstəqillik dövründə müəyyən yol qət edib və hazırda Azərbaycanda səkkiz beynəlxalq hava limanı var:
“Azərbaycanda turizmin coğrafiyası genişlənir, ölkəmizə xarici turistlərin axını ildən-ilə artır. Hazırda Azərbaycanda yeddi yüzə yaxın otel var. Otellərə görə otaq fondumuz təxminən 27 minə yaxındır. Həmin otellərdəki yataq sayı isə təxminən altmış mindir. Bu, elə də böyük rəqəm deyil və əsasən yay mövsümündə yerlər dolur, mövcud tələbatı qarşılamaq üçün kifayət etmir. Qiymətlər də müştəriləri qane etmir. Tələb-təklif bazarın diqtəsi ilə formalaşır. Təbii ki, tələbə görə qiymətlər artır. Amma seçim imkanlarının məhdudluğu hər zaman bu problemi ortaya çıxarır”.
Mütəxəssisin fikrincə, burada dövlətin də üzərinə müəyyən iş düşür:
“Bu sahədəki baryerlər aradan qaldırılmalı, müxtəlif alətlərlə, istər vergi güzəştləri, istər differensial verginin tətbiq olunması, istər aşağı faizli maliyyələşmə imkanları hesabına Azərbaycanda qalma yerlərinin sayını artırmaq olar. Bu halda sağlam rəqabət də formalaşacaq. Bəzən insanlar məcburiyyətdən bu və ya digər otelə gedir və orada da müəyyən xoşagəlməz hallarla qarşılaşırlar. Yaxud da hər hansı otel sahibi düşünür ki, mövsümdə otelinin bütün otaqları dolu olacaq və ona görə əlavə xidmətlər göstərməyə meylli olmur, bəzi məsələləri diqqətdən kənarda saxlayır. Deməli, bu sahədə rəqabət mühiti olmalıdır və bu, qiymətlərin optimallaşdırılmasına gətirib çıxara bilər.
Yəni vəziyyətdən çıxış yolu rəqabət mühitinin təmin olunması, bazar iştirakçılarının sayının artırılmasıdır. Bu sahəyə investisiya qoyuluşunun təşviqi, daha güvənli sahibkarlıq mühitinin genişləndirilməsi, xüsusilə güzəştli kreditlərin əlçatan olması turizmdə sağlam rəqabət mühitinin formalaşmasına gətirib çıxara bilər”.
Vəli Həsənov,
KONKRET. az
Bütün sahələrdə olduğu kimi… Özbaşınalıq, nəzarətsizlik, hamisi da özlərinə aiddir. Kim kimə nəzarət edəcək? İldən ilə də geriləmə, amma telekanalizasiyalarda Şvetsariya, İtaliya…