Türk professor: “Azərbaycan dördtərəfli görüş tələb etməlidir” – Kreml düşünsün!backend

Türk professor: “Azərbaycan dördtərəfli görüş tələb etməlidir” – Kreml düşünsün!

“10 noyabr razılaşmasındakı qeyri-müəyyənliklər aradan qaldırılmalıdır”

“Rəsmi Moskvanın Azərbaycanı və Türkiyəni qarşısına alması onun əleyhinədir”

“Moskva Cənubi Qafqazda da eyni situasiya ilə üzləşmək istəmirsə, regional həllə razı olmalıdır”

“Kreml rəsmi Ankara ilə münasibətləri pozmamaqdan ötrü, bundan sonra forpostunun “nazı ilə oynamaz”

Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfər düşmənlərimizi nə qədər narahat etsə də, dostlarımızı bir o qədər sevindirdi, qürurlandırdı. Əlbəttə, xüsusilə qardaş Türkiyəni. Həmin günlərdə şəhərlərin mərkəzi küçələrində Azərbaycan bayrağını dalğalandırmaları, qələbəmizə dair şeirlər, məqalələr yazmaları, şəhidlərimizin fotolarını sosial media hesablarında paylaşmaları onu deməyə əsas verir ki, türk qardaşlarımız ilk gündən etibarən bizimlə birlikdə nəfəs alırdılar. Növbəti həftələrdə baş verən proseslərə də laqeyd yanaşmadılar. İndi Ermənistan baş naziri Nikol Paşinyanın “dalana dirəndiyi”, İran xarici işlər naziri Cavad Zərifin iştirakçı ölkələrə ard-arda səfərlər etdiyi bir vaxtda  narahatlıqlarını da gizlətmirlər. Necə deyərlər, gözdə-qulaqdadırlar. Çünki “ilanın başının hələ tam əzilmədiyini” onlar yaxşı bilirlər. İlan isə elə sürünəndir ki, onun ağına da lənət, qarasına da…

 

 KONKRET.az xəbər verir ki, türkiyəli professor, siyasi analitik Selçuk Duman baş verən hadisələrlə bağlı “Sherg.az”ın suallarını cavablandırıb. Onun fikrincə, həqiqətən də, bir yox, bir neçə “ilan”la mübarizə aparırıq:

-Azərbaycanın tarixi zəfərini necə qiymətləndirirsiniz?

-Bu qələbə türklərin Qafqazda mühüm rol oynadığını təsdiqləyən növbəti faktordur. Çünki rus çarı III İvanın hakimiyyət illərindən etibarən Rusiyanın ərazilərini genişləndirmək iddiaları artmışdı. I Pyotr və II Yekaterina dövründə isə Ukraynanın işğalı nəticəsində çox ciddi hadisələr baş vermiş və 1774-cü ildə imzalanmış Kiçik Qaynarca müqaviləsi ilə Rusiyanın regionda “ağalıq” mərhələsi başlamışdı. Kremlin bölgəyə bu qədər maraqlı olması təsadüfi deyil. O, bir tərəfdən Şərqi Avropaya hakim olmaq, digər tərəfdən isə geosiyasi mənada türklərin kommunikasiyasına əngəl törətmək istəyir. Beləliklə, XIX əsrin əvvəllərindən etibarən Cənubi Qafqazdakı türk torpaqlarının, yəni Azərbaycanın işğalı başladılmışdı. İşğal mərhələsinin sonunda Rusiya İranla 1813-cü ildə imzaladığı Gülüstan və 1828-ci ildə imzaladığı Türkmənçay müqavilələri ilə Şimali Azərbaycana yerləşmişdi. 1991-ci ilədək Azərbaycan, Gürcüstan və Ermənistanı birbaşa idarə edən imperialist ölkə həmin tarixdə Ermənistanla razılığa gəlmişdi. Nəticədə Qarabağ probleminin yaranması və yeddi rayonun işğal edilərək qərb qonşularınıza verilməsi ilə Kreml bilavasitə Ermənistan vasitəsilə regiondakı nüfuzunu saxlamışdı. İndi Azərbaycanın qazandığı zəfər nəticəsində Rusiyanın Ermənistanın “əli”ilə regionu idarə etmək məsələsi sual altına düşdü. Və biz regionda ciddi iştirakçılardan biri olduğumuzu göstərdik.

-Bildiyiniz kimi, 10 noyabr bəyanatına əməl edilmir. Qarabağdakı rus sülhməramlıları vəzifələrini yerinə yetirmirlər…

-Gəlin, səmimi olaq. Azərbaycan daha bir neçə həftə Qarabağı tamamilə boşalda biləcək gücə sahibkən Rusiyanın da iştirakı ilə masaya oturmaqla əslində riskə getdi. Çünki “Ermənistan” adlanan dövlətin beynəlxalq müstəvidə uğursuz ad çıxardığı, onun Rusiya tərəfindən idarə edilən siyasi sistemə malik olması və Moskvanın Cənubi Qafqazdakı mübahisəli durumu daha da mürəkkəbləşdirmək üçün çalışdığı məlumdur. Həmçinin imzalanan sənədə əsasən, Rusiyanın bölgədə qalıcılığı təmin edildi. Bu azmış kimi, Qarabağın taleyi, oradakı erməni silahlı birləşmələrinin mövcudluğu nədənsə yada düşmədi. Hətta Laçın dəhlizi vasitəsilə Ermənistanla Qarabağın əlaqələsi təmin edildi. Ciddi problemləri olan bu razılılıqdan sonra Rusiya ərazidə nəzarətini saxlamaq niyyətindədir. Azərbaycan Türkiyənin də iştirakı ilə dördtərəfli görüş tələb etməli və 10 noyabr razılaşmasındakı qeyri-müəyyənlikləri aradan qaldırmalıdır. Yəni, sözün qısası, Qarabağın Azərbaycan torpağı olduğu, buradakı erməni hökumətinin ləğvi, düşmən silahlı qüvvələrinin neytrallaşması kimi məsələlər yenidən gündəmə gəlməlidir.

-Türk sülhməramlılarının bölgədə olması ilə nələr dəyişəcək?

-Əslində belə bir məsələ 10 noyabr bəyanatında yox idi. Azərbaycan və Türkiyə dövlət başçılarının təkidi ilə sonradan müvafiq qərar verildi. Türk sülhməramlılarının Ağdama yerləşməsi təsadüfi deyil. Belə ki, Rusiya türkləri ermənilərdən mümkün olduğu qədər uzaq saxlamaq istəyir. Amma nə olur olsun, bizim Qarabağda olmağımız Türkiyənin regional gücündən xəbər verməklə yanaşı, həm də məsələnin iştirakçısı kimi çıxış etdiyini göstərir. Yəni Azərbaycan tək deyil və olmayacaq! Rusiyanın Azərbaycanı və Türkiyəni qarşısına alması onun əleyhinədir. Yəni bundan sonrasını Kreml düşünsün!

-Ermənistan baş naziri Nikol Paşinyan yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə məsələnin hələ bitmədiyini dilə gətirdi. Sizcə, o, nə demək istəyirdi?

-Ermənistan hərbi və iqtisadi cəhətdən böhran ərəfəsindədir. Bunu özünün də başa düşdüyü bir vaxtda yeni savaşa başlaması mümkünsüzdür. Paşinyan həmin nitqi ilə əslində imperialist dövlətlərin Ermənistan üçün atacağı addımları nəzərdə tutub. Bu istiqamətdə xüsusilə Franda fəal olsa da, Türkiyə ilə mübarizədə dəfələrlə uduzduğuna görə Azərbaycana da təzyiqi yox dərəcəsindədir. İsrailin Aəzrbaycana dəstəyini görən ABŞ “mən də burdayam” deyir. Amma bundan artıq bir şey etmir. İran müharibənin ilk günlərindən etibarən Ermənistanı dəstəkləsə də, Cənubi Azərbaycandakı etirazlardan sonra “özünü yığışdırmalı”olmuşdu. İndi Paşinyan üçün yeganə çarə Rusiyadır. Kreml isə Türkiyə ilə münasibətləri pozmamaqdan ötrü, bundan sonra forpostunun “nazı ilə oynamaz”.

-Azərbaycan və Türkiyə dövlət başçılarının haqqında danışdıqları altılıq platforması ilə bağlı nə düşünürsünüz?

-Bu, daha çox Türkiyə- Rusiya münasibətlərindən, iki tərəfin yaxınlaşmasından asılıdır.  ABŞ və Avropa Birliyi Rusiyanı ayrı-ayrı bölgələrdə,  o cümlədən Qara dənizdə, Aralıq dənizində sıxışdırmaqdadır. Moskva Cənubi Qafqazda da eyni situasiya ilə üzləşmək istəmirsə, regional həllə razı olmalıdır. Belə bir məsələ İranın da xeyrinədir. Əks halda onun üçün ciddi təhdidlər yaranacaq. Gürcüstan isə bütün hallarda Türkiyə və Azərbaycanla birgə addımlayacaq. Yəni məsələ kifayət qədər vacib və aktualdır.

-Dünya Azərbaycan və Türkiyənin qardaşlığından nəticə çıxaracaq?

-İki qardaş dövlətin beynəlxalq diplomatiyada birgə hərəkət etməsi və siyasi, iqtisadi, hərbi, mədəni baxımdan dərin münasibətlər qurması, əlbəttə, çox vacibdir. Amma sualın belə qoyulması düzgün olmaz.  Azərbaycanın,  Türkiyənin kimsə ilə işi yoxdur. Biz müstəqil dövlətlər kimi öz siyasətimizi yeridirik və kimin üçünsə təhlükə mənbəyi deyilik. Yetər ki, bizə qarşı səhv addım atılmasın.

-Baş verən hadisələrdə İranın ritorikası, yəqin, nəzərinizdən yayınmadı?

-İran XIX əsrin sonlarından etibarən imperialist qüvvələrin arasına düşmüşdü. Və 1924-cü ildə farsların hakimiyyətə gəlməsi ilə İranın idarəçiliyi Böyük Britaniyanın əlinə keçdi. 1941-ci ildən sonra isə ABŞ-la Böyük Britaniya İranı birlikdə idarə etməyə başladılar. 1979-cu ildəki inqilabla ölkədə yeni mərhələ başlandı. Yeni sistem diktatorluğa əsaslandığı üçün hər kəsi narahat edirdi. İndi rəsmi Tehran həm beynəlxalq aləmdən təcrid olunub, həm də daxildə ciddi problemlərlə üz-üzədir. Bu gün Azərbaycan türklərinin neytrallaşması İranın prioritetlərindəndir. Bütün addımlarını da bu istiqamətdə atır. Çünki İran Azərbaycan türkləri məsələsini beynəlxalq təhlükəsizliyi kimi qiymətləndirir.

-Artıq Zəngəzurun Azərbaycana qaytarılması barədə müzakirələr gedir. Yəni zəfərin astasında ola bilərik?

-Təəssüf ki, 10 noyabr razılaşmasında bu məsələ gündəmə gəlmədi. Amma şansımız var idi. Hər halda Laçından Qarabağa verilən 5 kilometrliyində dəhlizin əvəzində, Zəngəzuru istəyə bilərdik. Əlbəttə, Zəngəzur mühüm strateji əhəmiyyətə malikdir. Beləliklə, İranla Ermənistanın əlaqəsi kəsiləcək və düşmənə “humanitar yardımlar” olmayacaq.

-Proseslərin bundan sonrakı inkişafına dair nə deyə bilərsiniz?

-Fikrimcə, Rusiya ilə növbəti danışıqlara ehtiyac olacaq. Fəqət Qarabağda rus qoşunlar yerləşdiyinə görə, müharibə ehtimalını istisna edirəm.

 

  • Fətəliyev Rafael
    Yanvar 27, 2021 - 22:18

    Azərbaycan Türkiyəni görüşdə iştirakını tələb etməlidir mütləq Türkiyə qardaşlarımız Azərbaycan , Rusiya Türkiyə Ermənistan olmalıdır

Fətəliyev Rafael üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*